Bu gün ümid, arzu və xəyallarla gələcəyə baxdığımız “Bilik günü”dür. Yaşımızdan asılı olmayaraq həyacanla yaşadığımız bir gün. Hər bir uşağın tərbiyələndirilməsi ailədən başlasa da, vətəndaş kimi formalaşması məhz məktəbdə baş verir. Məktəbdə keçdiyimiz dövr həyat yolumuz, mənəvi dəyərlər, əqidə və məqsədlərimizə bilavasitə təsir edir. Valideynlərimiz üçün dəyərli övlad, cəmiyyətimiz və dövlətimiz üçün layiqli vətəndaş olmaq şərəf və qürurverici hisdir.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi təhsil və bilik uğrunda ilk addımını atan balaca balaları təbrik edir, təhsildə uğurlar arzulayır. İnanırıq ki, XXI əsrdə üzərinizə düşən vəzifələri yerinə yetirməklə müstəqil Azərbaycanın xoşbəxt gələcəyini məhz siz təmin edə biləcəksiniz.

Prezident İlham Əliyev sentyabrın 15-də – Bilik günündə Bakının Sabunçu rayonunda yerləşən 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib. APA-nın xəbərinə görə, dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış olub.
Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur. APA-nın xəbərinə görə, bu tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək. 4472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 415 242 nəfər təşkil edəcək. Yeni dərs ilində Bakı şəhəri üzrə 43 397 şagird I sinfə gedəcək, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq.
