Tarif (qiymət) Şurasının bu gün – sentyabrın 14-də keçirilmiş iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılıb və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilib. Tarif Şurasından APA-ya verilən məlumata görə, Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla, 20-70 qəpik arasında təsdiq edilib.
Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.
Qeyd edək ki, nəqliyyat sıxlığının aradan qaldırılması və tıxacların qarşısının alınması, əhalinin ictimai nəqliyyatdan istifadəsinin sadələşdirilməsi və rahatlığının təmin edilməsi məqsədilə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulmuş və yeni qatarlar alınıb.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, “Bilik günü”ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq. Bu tədris ilində Azərbaycanda 150 mindən çox uşaq birinci sinfə gedəcək. Yeni tədris ilində bütün məktəblilər dərsliklərlə təmin olunacaq. Dərsliklərin böyük hissəsi yeni olacaq. Ümumi təhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4 095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.
