Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda “Exit-poll” keçirmək üçün dörd təşkilat Mərkəzi Seçki Komissiyasına müraciət edib.
MSK-dan Trend-ə verilən məlumata görə, müraciət edən təşkilatlar Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi, ELS Müstəqil Araşdırmalar Mərkəzi və Rəy Monitorinq Mərkəzidir.
MSK yaxın vaxtlarda həmin təşkilatların “Exit poll” keçirmək üçün qeydə alınması məsələsinə baxacaq.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, səsvermədə “Exit poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul müddəti sentyabrın 6-da başa çatır.

Azərbaycanda keçiriləcək referendumla bağlı qiymətləndirmə missiyası həyata keçirmək üçün 7 nəfərlik nümayəndə heyəti göndərəcək. AŞPA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə bu gün Parisdə keçirilən büro iclasında qərar verilib. İclasda həmçinin Konstitusiyaya dəyişikliklərlə bağlı rəy verməsi üçün Venesiya Komissiyasına müraciət etməklə bağlı qərar qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyində olub. Dövlətimizin başçısı Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb. Prezident İlham Əliyev Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyevlə söhbət edib və ona başsağlığı verib.
Sabah Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün sənəd təqdim etmələrinə ayrılan vaxt başa çatır.
