“Məktəb-valideyn-şagird münasibətləri” üçbucağı “Açıq dərs”in efirində

13.05.2015Mayın 13-də ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişində “Məktəb-valideyn-şagird münasibətləri” mövzusu müzakirə predmetinə çevrildi.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Təhsil Nazirliyinin ümumtəhsil sektorunun müdiri Firidun Həmzəyev, Təhsil Problemləri İnstitutunun şöbə müdiri, əməkdar müəllim Almaz Həsrət, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyev və studiyanın qonaqları, o cümlədən ümumtəhsil məktəblərinin səlahiyyətli nümayəndələri, müəllimlər, valideynlər məsələ ilə bağlı bir çox maraqlı məqamlara toxunublar. FOTOQALEREYA

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ELS-ın Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə keçirdiyi layihənin milli-mənəvi dəyərlərin qorunmasına  həsr olunduğunu və həmin milli-mənəvi dəyərlərin ilk əvvəl ailədən, yəni valideynlərin övladlarına aşılanmasından başlayır. Sonradan bu funksiya müəllimlərin üzərinə düşür və bu məqamda çox şey valideynlərin müəllimlərlə birgə işləməsindən asılı olur. Onun sözlərinə görə, ELS-ın son illər keçirdiyi sorğular göstərir ki, ailə məktəbi, məktəb də ailəni anlamır. Məhz bu səbəbdən bu gün müzakirəyə çixarılmış mövzu aktual və qaçılmazdır.

Təhsil Nazirliyinin ümumtəhsil sektorunun müdiri Firidun Həmzəyev bildirdi ki, ümumiyyətlə təhsildə, şagirdlərin müstəqil həyata hazırlıqda, uşaqlara elm, təhsil və biliyin verilməsində məktəb, şagird və valideyn üçbucaqdır. Əslində məktəb ailədən çox şey gözləmir. Valideyndən nə tələb olunur? Bu, şagirdə ailədə lazımi qayğının göstərilməsi, məktəbin daxili intizam qaydalarına hörmətlə yanaşması və daha fəal valideynlərin məktəbin həyatında iştirak etməsidir ki, məktəbdəki tərbiyə ilə ailədəki tərbiyə vəhdət təşkil etsin.

XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyev müstəqil təhsil ekspert kimi hazırda valideyn-şagird-məktəb üçbucağının qənaətbəxş olmadığını və valideynlərin ixtiyarında məktəbin təhsilinin keyfiyyətini qiymətləndirən mexanizmin olmadığını dedi. Bütün işlərin başında şübhəsiz ki keyfiyyətli təhsilə nail olması məsələsi durur. “Bir çox ölkələrin təcrübəsinə nəzər yetirdikdə, biz görürük ki, ictimai ekspertiza deyilən bir məhfum var, yəni valideynlər könüllü şəkildə müəyyən alətlər tətbiq etməklə məktəblərin ictimai ekspertiza mexanizmini müəyyənləşdirir və təhsilin keyfiyyətinə qiymət verməyə çalışırlar. İctimai ekspertiza məktəbdə sosiumun dialoqu, ictimai auditdir ki, əsas məqüsəd də inkişafın və geriləmənin zonalarını tapmaqdır. Kimlər təşkil edə bilər ictimai ekspertizanı? Şagirdlərin valideynləri, vətəndaş cəmiyyətinin üzvləri…Yalnız bu tədqiqatlar vasitəsilə məktəb-valideyn münasibətlərinə daha dolğun aydınlıq gətirmək mümkündür” – deyə fikrini tamamladı.

Təhsil Nazirliyinin ümumtəhsil sektorunun müdiri Firidun Həmzəyev həmkarının məktəblərdə ictimai nəzarət sisteminin olması fikri ilə razılaşdığını dedi və əlavə etdi ki, məktəblərdə bu funksiyanı valideyn komitələri öhdəsinə götürməli və onları fəaliyyəti gücləndirilməlidir.

Təhsil Problemləri İnstitutunun şöbə müdiri, əməkdar müəllim Almaz Həsrət orta məktəblərin hamısında valideyn-müəllim münasibətləri eyni deyil və burada hər şey düzgün idarəçılikdən asılıdır. Məktəbdə problemin yaşanmaması onu idarə edən şəxsin peşakarlığından, yanaşmasından asılıdır. Eyni zamanda müəyyən problemlər yaşayan şagirdlərin valideynləri müəllim və məktəbi psixoloqlarına müraciət etməli və yalnız birgə əməkdaşlıq ortaya çıxan problemləri aradan qaldıra bilər.

Sonra müzakirəyə studiyanın qonaqları, o cümlədən ictimai təşkilatların rəhbərləri, müəllimlər, valideyn komitələrinin rəhbərləri və üzvləri qoşuldu.

Sonda “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova istər valideyn, istər müəllim, bizim bir amalımız var ki, gələcəkdə fəxr edəcəyimiz övlad yetişdirək deyə vurğuladı. “Auditoriyadakı müəllimlər dedilər ki, hər şey müəllimin hazırlığı və şəxsiyyətindən asılıdır. Amma mən hesab edirəm ki, bu məsələdə valideynlərin rolu əsasdır. Odur ki, valideynlərə tövsiyə edirəm ki, müəllimlərin yanında olsunlar və onlarla əməkdaşlıq etsinlər”, – deyə, layihə rəhbəri fikrini tamamladı

14.05.2015