İyulun 19-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanın tanınmış incəsənət və ictimai xadimləri ilə “Mənəvi sərvətimiz” adlı silsilə görüşləri çərçivəsində Azərbaycanın xalq şairi Vahid Əzizlə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında görüş keçirmişdir.
Slavyan Universitetinin tələbələri, QHT təmsilçiləri və KİV əməkdaşlarının qatıldığı tədbirdə qonaqları salamlayan Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva şair Vahid Əzizin keçdiyi həyat və yaradıcılıq yolundan söhbət açdı. Onun sözlərinə görə, Vahid Əzizin bütün misralarında əsas xətti məhəbbət və ülvi hisslər təşkil edir, bu da onun zəngin daxili aləmindən xəbər verir.


