Zaqatalada zəlzələ nəticəsində dağılan məktəblərin şagirdləri buraxılış imtahanlarından azad ediləcək

maleyke_abbaszadeTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Zaqatalada zəlzələ nəticəsində dağılan məktəblərin şagirdlərini buraxılış imtahanlarından azad edəcək. APA-nın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, artıq Komissiya bununla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edib: “Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara əsasən, TQDK-ya fövqəladə hallarda buraxılış imtahanlarından azad etməklə bağlı səlahiyyət verilib. FHN bu gün Zaqatalada həddən artıq dağıntılara məruz qalan məktəblərin siyahısını TQDK-ya verəcək. Bundan sonra bu həftə ərzində buraxılış imtahanlarından azad olunan məktəblərin siyahısı elan ediləcək. Həmin məktəblərin şagirdlərinin qiymətləndirilməsi dərs ili ərzindəki illik qiymətləndirməyə əsasən aparılacaq”.

14.05.2012