Yer kürəsində son 11 ilin ən güclü maqnit qasırğaları qeydə alınıb

PlanetlerAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, yerdə çox güclü maqnit qasırğaları baş verib. Onun sözlərinə görə, maqnit qasırğası dünən səhər 06:00-dan başlayıb 11:00-dək davam edib: “Sonradan nisbətən sakitləşib. Növbəti qasırğa isə axşam saat 19:00-dan başlayıb bu gün səhər saat 05:00-ə kimi davam edib. J3 balında olanda olan tsikli çox güclü qasırğadır. Kifayət qədər güclü maqnit qasırğası yerin maqnit sahəsini çox güclü silkələyib. İndi proses sönməyə doğru gedir. Amma maqnit qasırğaları təkrarlana bilər. Çünki günəş diskində maqnit qruplaşmaları əmələ gəlib, həm alışma baş verir, həm də plazma atılır. Qasırğalar davam edə bilər və bu da Yerə yenidən müəyyən təsir edə bilər”.

N.Cəlilov qeyd edib ki, sentyabrın 11-də Günəşdə baş verən partlayış 1,6 bal gücündə olub. Partlayışın Günəşdən birbaşa Yerə tuşlandığını deyən şöbə müdiri əlavə edib ki, partlayış nəticəsində yaranan  maqnit qasırğası yerə təsir gücünə görə növbəti Günəş aktivliyinin 11 illik tsiklinin ən güclüsüdür: “Yəni, son 11 ildə yerə birbaşa tuşlanan və təsir edən maqnit qasırğaları qeydə alınmayıb. İnsanları xəbərdar etmək lazımdır ki, yaxın 1-2 gün ərzində çox ehtiyatlı olsunlar. Bu proseslər təzyiq, ürək, qan-damar sistemində problemləri olan insanların səhhətinə müəyyən dərəcədə təsir edə bilər. Qorxulu bir şey yoxdur. Sadəcə, ehtiyatlı olsunlar”.

16.09.2014