Yeni dərs ili başladı

3302669300449Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Azərbaycanın ümumtəhsil məktəblərində Bilik Günü qeyd olunub. Trend-in məlumatına görə, 2013-2014-cü dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir. Bu il 33745 abituriyent ilk dəfə olaraq tələbə kimi ali məktəbə gedəcək. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, 2013-2014-cü tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərs “Mənim Vətənim – doğma yurdum” mövzusuna həsr olunacaq. Həmin mövzuda keçirilən dərslərdə Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərinin izahına, Azərbaycanın dövlət rəmzləri haqqında şagirdlərin biliklərinin möhkəmləndirilməsinə, onlarda respublikanın, eləcə də yaşadıqları ərazinin flora və faunası, tarixi və mədəni abidələri, görkəmli şəxsiyyətləri, ölkəmizin dünya birliyində mövqeyi, son dövrlərdə qazandığı nailiyyətlər, Vətən uğrunda şəhid olmuş qəhrəmanlar barədə məlumatların artırılmasına xüsusi diqqət yetirilməsi təmin ediləcək. 

Xatırladaq ki, sentyabrın 15-i bazar gününə təsadüf etdiyi üçün, yeni tədris ilinin ilk dərs günü sentyabrın 16-da başlayıb.

16.09.2013