Yaxın vaxtlarda daha bir Avropa ölkəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul ediləcək

Elxan_SuleymanovYaxın vaxtlarda daha bir Avropa ölkəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul ediləcək. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib.

Qətnamənin müəlliflərindən birinin özü olduğunu deyən E. Süleymanov ermənilərin prosesə müdaxilə edə biləcəyini əsas göstərərək həmin dövlətin adını açıqlamayıb. E. Süleymanov hazırda şəxsən özünün rəhbərliyi altında ümumilikdə 5 ölkənin parlamentində müvafiq qətnamələrin qəbulu istiqamətində işlər aparıldığını bildirib: «Bu dövlətlərdən üçündə sənədlərin qəbulu bu ilin sonuna kimi reallaşacaq, iki dövlətdə isə sənədlərin gələn ilin əvvəlində qəbul olunacaq gözlənilir”.

E. Süleymanov deyib ki, bəzi nüfuzlu avropalı parlamentarilər onunla söhbətdə Dağlıq Qarabağ münaqişəsi barədə məlumatsız olduqlarını vurğulayıblar.

Millət vəkili qeyd edib ki, Brüsseldə Azərbaycan Mədəniyyət Günləri, oktyabr ayında Şamaxıda biznes-forumun keçirilməsi planlaşdırılır. Belçika parlamentində Qarabağ münaqişəsi ilə bağlı dinləmələrin yüksək səviyyədə keçdiyini deyən E. Süleymanov bildirib ki, artıq bu ölkənin parlamentində qətnamə layihəsinin qəbuluna dair müsbət fikirlər var: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi hazırdır və bu il ərzində sənədin qəbulu gözlənilir”.

14.06.2012