Yas, yoxsa yemək mərasimi?

irade-yaqubova-1Rəhmətlik Əzizə Cəfərzadənin son müsahibələrindən biri yas mərasimlərinə həsr olunmuşdu. Onun səsindəki böyük bir kədər bu günədək qulağımdadır. Ərəb ölkələrində keçiriləm yas mərasimlərindən danışan Əzizə xanım, milli ənənələrimizin əcaib transformasiyalara uğrayaraq mərasimin mənasını dəyişdirməsini vurğulayırdı.Onun hər dediyi kəlmə ilə razı idim, çünki artıq neçə illərdir bu dəyişmələrin şahidiyəm. Yas hər bir qapını döyən mərasimdir. Lakin heç vaxt yaslarda şirniyyat, tort, pirojna və sairə şirin məmulatlar verilməyib. Belə bir ənənə yox idi və ümumiyyətlə heç kimin ağlına gəlməzdi. Deyərdilər ki, arzusuna çatıb, sevinir. Masaya çay, qənd, xurma, şor qoğalı, halva, limon verilərdi. Bir də qəndin yanında bir-iki karamel qoyulurdu şəkərli məclis iştirakçıları üçün. Xörəklərdən isə, aş maksimum iki qara ilə və ya bozbaş verilirdi. Düzdür, onda da imkanı olanların yas mərasim süfrəsi bir qədər fərqlənirdi. Lakin belə yox. İndi şirniyyat, şokolad konfetləri, meyvələr, ləbləbi və sair nemətlər qoyulur ki, bilmirsən yas mərasimidir ya şadlıqdır. Utanırsan da soruşmağa ki, rəhmətə gedən sağlığında özü bunlardan dadıb və ya imkansızlıq ucbatından bunlardan məhrum idi. İnanın ki, tanıdığım ailələr olub, bu sualı onlara vermək lap yerində olardı.
Ən təəccüblüsü isə dəfn günüdür. İnanın ki, əvvəllər həmin gün evində süfrə açmaq heç kimin ağlına gəlməzdi. İndi isə cənazə götürülməmiş çadır qurulur və artıq orada çay süfrəsi açılır. Guya ki, gələnlər işdən ac gəliblər. Anlaya bilmirəm, əvvəllər işdən camaat hüzrə qarnını doyuzdurub gələrdi məgər? Bu da bir hörmət, dərdə şəriklik idi ki, ev yiyəsi kimi heç kim süfrəyə əyləşmirdi.
Yaşadığım binanın qonşuluğundakı binada yas mərasimləri zalı fəaliyyət göstərir. Arxa qapısı həyətə çıxır. Siqaret çəkənlər orada dayanırlar, söhbət edirlər, zarafatlaşırlar. Onlara baxıb fikirləşirsən, çoxu heç mərhumu şəxsən tanımırdı və üzünü görməyib, onların burada nə işi var? Başa düşürəm ki, baş sağlığını verməklə rəhmətə gedənin dərd çəkən qohumlarına təsəlli verirlər, lakin bu təsəlli çox baha başa gəlmirmi? Son 10-15 ildə əmələ gələn bu iyrənc israfçılığın, süni özünü göstərmə artıq adiləşərək qaydaya çevrilib. Çadırlar artıq sadə brezent örtüyü deyil, pərdə, xrustal çil-çıraq, kondisioner və sairə atributlarla bəzənilmiş və nümunə kimi təqlid obyektinə çevrilib. Qiymətləri də ki, müvafiq, kosmikdir.
Çadırın bir xüsusiyyəti də var. Yalnız qadınlar toplaşan yerə kişilər bir qayda olaraq daxil olmur. Çadır yiyələri isə görünür qənaət məqsədilə eyni personalı həm qadınların, həm də kişilərin toplantısında işlədirlər. Cavan kişilərin çadıra daxil olaraq süfrəni tənzimləmələri şəxsən mənə təəccüblü gəlir. Dəfələrlə çayı əli çatmadığı masanın o biri tərəfinin orta hissəsində əyləşən xanımlara ötürmək üçün bu işçinin demək olar ki, ona yaxın tərəfdə əyləşən iki qadının arasından az qala kürəklərinə uzanaraq ötürməsinin şahidi olmuşam. Kişilər içəriyə girmir, xanımlarına lazımi xəbəri başqa xanım vasitəsilə ötürür, burada isə 4-5 yad kişi hərlənir. Məntiqsiz görünmürmü?
Milli ənənələrimizin bu sahədə də itirilməsi xüsusən də bu gün çox ciddi problemdir. Lakin məni məsələnin başqa bir tərəfi maraqlandırır. Böyük məbləğli xərclər bir tərəfə, axı mərhumun yaxınları dərd çəkmək əvəzinə süfrənın dərdini çəkirlər. Ataların bir sözü var: Açılmayan süfrənin bir dərdi var, açılanın isə min. Bu min səbəbin qarşısında dayanmağa dəyərmi? Axı onsuzda ağır itki verib, onun dərdinin qarşısında dayanmaq lazımdır. Allah bizə səbirlə bərabər müdriklik də versin!

23.09.2014