Yaddaşlarda və misralarda yaşayacaq insan

mamed_aslan_poet_33Şair Məmməd Aslan dünyasını dəyişdi

Bu yolu seçdim ki, yanam, tutuşam,

Ağrılar içində qovrulan quşam.

Ömrü söz uğrunda girov qoymuşam,

Başqa sənətim yox, başqa işim yox…

Bu misraların müəllifi şair Məmməd Aslan bu gün dünyasını dəyişib. Müasir poeziyamizın görkəmli nümayəndəsi, söz ustadı Məmməd Aslan ömrü boyu yazıb-yaradıb, sözün əsl mənasında peşəsinin vurğunu olub. Onun haqqında keçmiş zamanda danışmaq nə qədər çətin olsa da, şairliyi, vətəndaşlığı və insanlığı haqqında söz demək bir o qədər asandır…Doğulduğu, boya-başa çatdığı Kəlbəcər rayonunun gözəlliyini, bənzərsizliyini qələmə alan Məmməd Aslana 20 ildən artıq düşmən tapdağı altında qalan o yerləri bir daha görüb, qarış-qarış gəzmək qismət olmadı. Yaradıcılığı boyu bütün mövzulara müraciət etsə də, Vətən mövzusu onun yaradıcılığının ana xəttini təşkil etmişdir.

Ötən il 75 yaşını qeyd etmiş Məmməd Aslan hələ 2000-ci ildə mərhum Prezident Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmişdir. Əməkdar mədəniyyət xadimi, Azərbaycan Yazışılar Birliyinin üzvü olan şair uzun illər Azərbaycan Dövlət Televiziyasında mədəniyyət, incəsənət və poeziya haqqında verilişlərin müəllifi və aparıcısı olmuşdur.

Allah rəhmət eləsin!

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi

23.09.2015