Vatikanda Azərbaycan tarixinə aid əlyazmalar aşkar olunub

Kitab.kohneƏlyazmalar İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru Fərid Urxan oğlu Ələkbərli Vatikanın Məxfi Arxivinə və Apostol Kitabxanasına uzunmüddətli ezamiyyətləri (2011-2014) başa çatıb. Əlyazmalar İnstitutundan APA-ya verilən xəbərə görə, ezamiyyətlərin məqsədi Vatikan Arxivlərində Azərbaycana aid tarixi sənədlərin aşkar edilməsi və ilkin araşdırmaya cəlb olunması idi.

Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin tapşırığı ilə aparılmış araşdırmalar zamanı Vatikan Məxfi Arxivlərində 700-dən çox sənəd araşdırılıb və Azərbaycan tarixinə aid 85 sənəd aşkar olunub. Bu sənədlər italyan, latın, yunan, fransız, ərəb, fars, türk, monqol, erməni və sair dillərdədir. Tədqiqatlar nəticəsində aşkar edilmiş sənədlər X-XX əsrləri, yəni Azərbaycan tarixinin minillik dövrünü əhatə edir. Aşkar edilmiş sənədlərin arasında orta əsr Azərbaycan hökmdarlarının (Elxani, Səfəvi, Əfşar, Qacar və s.) Roma Papaları ilə məxfi yazışmalarını əks etdirən məktublar vardır. Başqa sənədlər Vatikan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyət və təbliğatla bağlıdır.

Vatikan Apostol Kitabxanasında da araşdırmalar aparılıb. Orada 400-dən çox qədim əlyazma əsəri tədqiqata cəlb olunub. Bunun nəticəsində, həmin kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 68 qədim əlyazma əsəri və çoxlu sayda xəritə aşkar edilmisdir. Bunlar Azərbaycan (türk), fars, ərəb dillərində olan orta əsr əlyazma kitablarıdır. Onların arasında məşhur Azərbaycan müəlliflərinin (Nizami, Füzuli, Nəsimi, Şəbüstəri, Sührəvərdi və b.) eyni zamanda indiyədək adı bizə məlum olmayan orta əsr müəlliflərinin 11 əsəri vardır.

Vatikana son ezamiyyət müddətində (2013-2014) Azərbaycan tarixinə aid orta əsr Avropa və Şərq xəritələri aşkar edilib. XV-XVIII əsrləri əhatə edən bu coğrafi xəritələrinin əhəmiyyəti ondan ibarətdir ki, həmin xəritələr qədimdə və orta əsrlər zamanı “Azərbaycan” adlı ölkənin mövcudluğunu təsdiq edir, “Azərbaycan”, “Qarabağ”, “Midiya”, “Şirvan” və “Arran” kimi coğrafi ərazilərin sərhədlərini müəyyən edir. Burada erməni alimlərinin uydurmalarına rəğmən, Bakı, Şamaxı, Gəncə, Təbriz, Qəbələ, Qarabağ, İrəvan və Qars şəhərinə qədər uzanan ərazi Azərbaycan torpaqları kimi göstərilir. Bəzi xəritələrdə Xəzər Dənizi “Bakı Dənizi” kimi qeyd olunur.

2013-2014 illərdə Vatikan Apostol Kitabxanasında araşdırmalar davam etdirilib. Bu zaman anadilli (türkdilli) əsərlərin tədqiqinə xüsusi fikir verilib. İlk dəfə olaraq 100-dən çox bu vaxta qədər qeydə alınmamış və təsvir olunmamış türkdilli, o cümlədən azərbaycandilli orta əsr əlyazması aşkar olunmuşdur, onlar ilkin tədqiqat və təsvir edilib.

Aşkar olunmuş əlyazmaların arasında nəzm və nəsr əsərləri, Azərbaycan tarixini işıqlandıran, Eldənizlər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər və sair Azərbaycan dövlətlərinin tarixindən xəbər verən əlyazmalar vardır. Aşkar olunmuş əlyazmaların kataloqunun hazırlanması üzrə Vatikan Apostol Kitabxanası ilə əməkdaşlıq qurulub və kataloqlar üçün məlumat toplanıb. Hazırda iki kataloq üzərində iş davam etdirilir:  Vatikan Apostol kitabxanasının Azərbaycan Əlyazmaları Kataloqu və Vatikan Apostol kitabxanasında aşkar etdiyimiz yeni türkdilli əlyazmaların kataloqu.

Tədqiqatlar zamanı aşkar edilmiş Azərbaycan əlyazmalarının rəqəmləşdirilməsini təmin etmək üçün bu əlyazmaların siyahısı tərtib edilərək Heydər Əliyev Fonduna və Vatikan Apostol Kitabxanasının müdiriyyətinə təqdim edilib. Əlyazmaların yüksək keyfiyyətli rəqəmsal surətlərinin hazırlanması onların gələcək nəsillər üçün qorunub saxlanması üçün daha böyük zəmanət yaradır. Heydər Əliyev Fondunun tapşırığı ilə Azərbaycan əlyazmalarının yüksək keyfiyyətli rəqəmsal surətləri artıq Vatikan tərəfindən hazırlanıb.
Aşkar olunmuş Azərbaycan əlyazmalarının Vatikan tərəfindən bərpa olması üçün Heydər Əliyev Fondu tərəfindən danışıqlar aparılıb, razılıq əldə edilib, maliyyə ayrılıb və əlyazmalar artıq bərpa olunub.

13.06.2014