UNİCEF: 2014-cü il uşaqlar üçün çətin il olub

Unicef-(logo)2014-cü ildə öz evlərini tərk edənlər də daxil olmaqla, 15 milyon uşaq Mərkəzi Afrika Respublikası, İraq, Cənubi Sudan, Fələstin, Suriya və Ukraynadakı münaqişələrdən zərər çəkib və hazırda 230 milyon uşaq silahlı münaqişələrin davam etdiyi ərazilərdə yaşayır. APA-nın UNİCEF-in saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın hesabatında deyilir.

Hesabatda bildirilir ki, 2014-cü ildə yüzlərlə uşaq məktəbə gedərkən və ya məktəbdə olarkən girov götürülüb, on minlərlə uşaq silahlı qruplaşmalara cəlb edilərək onlardan döyüşlərdə istifadə olunub. Mərkəzi Afrika Respublikasında 2,3 milyon uşaq  münaqişənin ağır təsirinə məruz qalıb, 10 mindən çox uşaq silahlı qruplaşmalara cəlb olunub, 430-dan çox uşaq döyüşlərdə həyatını itirib və şikəst olub, bu isə 2013-cü illə müqayisədə 3 dəfə çoxdur.

Bu ilin yayında Qəzzada gedən döyüşlər zamanı 54000 uşaq evsiz qalıb, 538 uşaq həyatını itirib, 3370 uşaq yaralanıb.

Suriyadakı döyüşlər zamanı 7,3 milyon uşaq zərər çəkib ki, bunların da 1,7 milyonu qaçqın vəziyyətində yaşayır. Bu ilin ilk 9 ayı ərzində Suriyada məktəblərə edilən hücumlarda 105 uşaq ölüb, 300 uşaq yaralanıb. İraqdakı döyüşlərdə isə 2,7 milyon uşaq zərər çəkib, bu il ərzində İraqda 700 uşaq döyüşlər zamanı həyatını itirib, bunlar arasında edam olunanlar da var.

Cənubi Sudanda təxminən 235 min uşaq aclıqdan əziyyət çəkir. 320 mindən çox uşaq qaçqın kimi yaşayır. İl ərzində ölkə daxilindəki silahlı qruplaşmalar arasında gedən döyüşlərdə 600-dən çox uşaq həlak olub, 200-ü şikəst qalıb. 12 min uşaq isə indi də silahlı qruplar tərəfindən istifadə olunur.

UNİCEF-in icraçı direktoru Antoni Leyk Əfqanıstan, Konqo, Nigeriya, Pakistan, Somali, Sudan və Yəmən Demokratik Respublikasında da vəziyyətin ağır olduğunu bildirib.

8.12.2014