Elxan Süleymanov: “AŞPA açıq-aşkar işğalçı Ermənistanın müdafiəçisinə çevrilib”

elxan_suleymanov_serseng_bakuMillət vəkili Elxan Süleymanov və onun AŞPA – dakı 24 həmkarı tərəfindən imzalanan və müzakirəyə qoyulan Dağlıq Qarabağ və onun 7 ətraf rayonunun Ermənistan tərəfindən qanunsuz işğalına göz yuman beynəlxalq ictimaiyyəti tənqid edən ilk qətnamə təklifi artıq aprelin 21-i Strasburqda AŞPA-nın yaz sessiyası zamanı Assambleya tərəfindən veto ilə əngəlləndi.Bununla belə, bu qətnamə təklifinin məqsədi yalnız digər dövlətin işğal olunmamasının beynəlxalq seçki müşahidə missiyalarına və ya demokratiya və insan hüquqlarının qiymətləndirilməsi ilə bağlı digər rəsmi tədbirlərə ev sahibliyi etmək üçün ilkin şərt olub-olmamasını müəyyənləşdirmək məqsədilə açıq müzakirə aparmaq idi. 9 may 2013-cü ildə Avropa Şurası Parlament Assambleyasının Avropa İttifaqı daxilindəki 8 müxtəlif ölkəsindən – Belçika, Polşa, Finlandiya, Birləşmiş Krallıq, İtaliya, İspaniya, İrlandiya və Bolqarıstandan olan 31 üzvü tərəfindən qətnamə təklifi irəli sürüldü. Bu təklif Avropa Şurasının Nazirlər Komitəsinə qarşıdakı sədrlik dövründə Ermənistanın mövqeyi ilə bağlı Avropa İttifaqı deputatlarının narahatlığını ifadə edir və Ermənistanın təcavüzkar dövlət mövqeyini aradan qaldırmaq məqsədilə təcili addımlar atmağı xahiş edirdi.
“Beynəlxalq ictimaiyyətin bir sıra qətnamələrində Ermənistan silahlı təcavüzə görə Avropa Şurası tərəfindən də açıq-aydın dəfələrlə pislənilən təcavüzkar dövlət kimi göstərilmişdir, belə ki, Ermənistanın bu məsələyə münasibəti AŞPA-nın əsas prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir.
Parlament Assambleyasının üzvləri Ermənistanın bu münasibətindən o dərəcədə narahatdırlar ki, Ermənistanın 1 iyul 2013-cü ildə başlamalı olan sədrliyindən ciddi şəkildə ehtiyat edirlər.
Hesab edirik ki, Nazirlər Komitəsindəki həmkarlarımıza tövsiyə vermək düzgün və müvafiq olar ki, onlar qarşıdakı sədrliyi dövründə Ermənistanın mövqeyini ciddi nəzərdən keçirsinlər və Ermənistan hakimiyyətinin öz təcavüzkar dövlət mövqeyini aradan qaldırmaq istiqamətində dərhal addımlar atacağını təmin etmək məqsədilə onlara istənilən təzyiqi göstərsinlər.”
Aydındır ki, 31 Avropalı deputat bu qətnamə təklifi vasitəsilə diqqəti Avropa Şurasının Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməməsi faktına yönəltmək istəyiblər.
Digər tərəfdən, Azərbaycan Avropa Şurası qarşısındakı öhdəliklərini gündəlik əsasda yerinə yetirir. Lakin Avropa Şurası daim Azərbaycana təzyiq göstərir və ikili standartlardan əl çəkmək niyyətində deyil.
Hamısı Avropa İttifaqından olan 31 deputatın imzaladığı bu ikinci təklifə veto qoyula bilməzdi.
Lakin Sədarət Komitəsi bu qətnamə ilə bağlı da “heç bir addım atmamağa” qərar verdi və bu təklif də veto ilə nəticələndi. Buna baxmayaraq, qətnamə təklifi sonda çap və nəşr olundu və Prosedur Qaydalarına müvafiq olaraq, AŞPA-nın Strasburqda 2013-cü il 25 iyunda keçirilən Büro iclasının gündəliyinə daxil edildi.
Lakin Büro bazar ertəsi, 2013-cü il 25 iyunda hətta AŞPA üzvlərinin 1/10-i tərəfindən imzalanmış bu təklifə heç bir diqqət yetirmədi. Onlar müzakirə üçün vaxtın kifayət etmədiyini bəhanə gətirdilər və beləliklə, Sədarət Komitəsinin əvvəlki qərarına Büroda baxılmadı, lakin sənədlərdə isə guya məsələyə baxılması qeyd olunub.
Bununla belə, qətnamə təklifinə ilk olaraq imza atmış Birləşmiş Krallıqdan cənab Mayk Hankok AŞPA-nın iyunun 25-i səhər keçirilmiş plenar sessiyasında məsələnin qaldırılmasını təkid etdi. O, Assambleyanı vəziyyətlə daha yaxşı tanış olmağa və bütün üzvləri buna məsuliyyətlə yanaşmağa çağırdı. O, Büronun bu vacib məsələ barədə hətta müvafiq müzakirə də keçirmədiyinə təəsüfünü bildirdi. Təəssüf ki, onun şərhləri və tələbi 32 səs əleyhinə, 22 səs lehinə olmaqla, bir daha Assambleya tərəfindən əngəlləndi.
Demokratiya və qanunun aliliyini mükəmməl müdafiə etməli beynəlxalq qurum olan AŞPA öz üzvlərinin 1/10 hissəsinin ədalətli tələbinə necə hörmət etməyə bilər? Məsələ açıq qalır.
Hər ikisi açıq-aydın müvafiq formada olan qətnamə təklifləri ədalətlə gözlənilə bilən siyasi cavabını tapmadı. Hər hansı müzakirədən əvvəl hər iki təklifə mane olundu. Nə üçün?
Nəyə görə AŞPA kor-koranə şəkildə işğalçı Ermənistanı dəstəkləyir, lakin Azərbaycanın ədalətli hüququna məhəl qoymur. Bu təkrarlanan halların səbəbi nədir?
Bu gün 26 iyun 2013-cü ildə deputat Elxan Süleymanovun təşəbbüsü ilə üçüncü qətnamə təklifi imzalandı və Strasburqda irəli sürüldü. Bu təklif 18 ölkədən olan AŞPA-nın 45 üzvü tərəfindən imzalandı: Azərbaycan, İtaliya, San Marino, Birləşmiş Krallıq, Finlandiya, Bolqarıstan, Fransa, Polşa, Andorra, İspaniya, Makedoniya, Türkiyə, Bosniya-Herseqovina, Albaniya, Rumıniya, Litva, İrlandiya və Avstriya.
AŞPA Azərbaycanın işğal edilməmiş ətraf rayonlarının ən azı bir milyona yaxın azərbaycanlı əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının işğal nəticəsində baxımsızlıqdan çox bərbad və təhlükəli vəziyyətə düşməsinin humanitar faciə ilə nəticələnəcəyini və onun ətraf rayonların əhalisi üçün təhlükəli olduğunu vurğulayır. Bu səbəbdən Assambleya işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla, Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsini kəskin şəkildə pisləyir və Ermənistanın gücdən bu şəkildə sui-istifadə etməsini qeyri-insani davranış hesab edir.
Son olaraq, lakin mühüm əhəmiyyət kəsb edən bir məqam kimi, Assambleya Ermənistan hərbi qüvvələrini su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki qeyri-qanuni nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə çağırır.
AŞPA Bürosunun 2013-cü ilin payızında belə aydın təklifin bu dəfə ciddi nəzərdən keçirilə bilməsi ilə bağlı qərar verəcəyi gözlənilir və bu qərar AŞ Parlament Assambleyasın Azərbaycanla əməkdaşlığının həqiqətən də əhəmiyyət daşıyıb-daşımadığını aydınlaşdıracaq.
Bu vaxta kimi biz əvvəlki təkliflərə yalnız dəfələrlə veto qoyulması ilə üzləşdik və təəssüf ki, Avropa Parlamenti, Avronest PA və ya ATƏT PA kimi beynəlxalq təşkilatlar tərəfindən də eyni yanaşmanın şahidi olduq.

Hər kəsə aydındır ki, beynəlxalq təşkilatların, eləcə də Avropa Şurasım Parlament Assambleyasının Azərbaycana qarşı təzyiqlər tətbiq etmə cəhdlərinin səbəbləri aşağıdakılardır:

a) İşğalçı Ermənistanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə ona qəyyumluq etmək və onun toxunulmazlığını təmin etmək.
b) Azərbaycan heç vaxt işğal olunmuş ərazilərinin ədalətli və doğru şəkildə qaytarılmasını tələb etməməlidir. Bu məqsədlə Azərbaycana müxtəlif təzyiqlər etməklə onun başını qatmaq və ərazilərinin Ermənistan tərəfindən işğalı faktının unutdurulmasına nail olunmalıdır.
Lakin beynəlxalq təşkilatlar anlamalıdır ki, Azərbaycan xalqı bir sıra beynəlxalq qətnamələrdə birmənalı olaraq təsdiqlənmiş qanuni tələblərindən heç vaxt geri çəkilməyəcək.
Ermənistan nümayəndə heyəti AŞPA-da Dağlıq Qarabağa dair alt komitəni 2010-cu ildən boykot edir, onun işində iştirak etməkdən imtina edir. Avropa Şurası isə 3 il ərzində davamlı olaraq buna göz yumaraq, ermənilərə havadarlıq edir və alt komitənin fəaliyyətinin bərpa edilməsi üçün Ermənistan nümayəndə heyətinə heç bir mövcud hüquqi təsir vasitələrindən istifadə etmir. Əksinə, bunun əvəzində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin qeyri-rəsmi görüşlər keçirməsi təklifi irəli sürülüb. Çox təəccüblü haldır ki, AŞPA 2 üzv ölkə arasında mövcud olan problemi, Ermənistana havadarlıq edərək, rəsmi alt komitə səviyyəsində müzakirə etməkdən çəkinir və məsələnin həllini nümayəndə heyətlərinin qeyri-rəsmi görüşləri çərçivəsində etməklə dünya ictimaiyyətinin gözünə kül atır. Bu təklif, əslində, dünya ictimaiyyətində guya Azərbaycan tərəfinin işğala son qoyulmadan Ermənistanla barışması kimi yanlış fikir formalaşdırmağa yönəlib. İlk baxışda sıravi bir təklif kimi görünən bu model, əslində, Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı yönəlmiş təxribatdır və onun təhqir edilməsidir. Bunun başqa adı yoxdur!!! Bu, erməni işğalçılarının tapdağı altında inildəyən torpaqlarımızın iniltisini duymamaqdır. Digər beynəlxalq təşkilatlar kimi, AŞ PA da Ermənistana sanksiyalar tətbiq etməməklə vaxtı uzadır və bununla da problemin unudulmasına xidmət edir. Zaman isə işğalçının xeyrinə işləyir.
Avropa Şurası Parlament Assambleyası daxil olmaqla, beynəlxalq təşkilatlar beynəlxalq ictimai fikri davam edən bu ədalətsizlikdən yayındırmaq məqsədilə davamlı, qəsdən və qərəzli şəkildə Azərbaycana insan hüquqları və azadlıqlarını pozan ölkə imici verməyə cəhd edirlər. Azərbaycan ictimaiyyəti hesab edir ki, Avropa Şurası və beynəlxalq qurumlarda Azərbaycana qarşı bu davamlı kampaniya bir başlıca məqsəd daşıyır: beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən 1 milyondan artıq azərbaycanlının hüquqlarının kütləvi və kobudcasına pozulması, 20 ilə yaxın müddətdə qaçqın və məcburi köçkünlərin olması və onların öz evlərinə qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının təmin edilməməsini unutmasına və bütün bunların onların diqqətindən kənarda qalmasına nail olmaq.
Bütün bunları ciddi nəzərə alarkən belə bir sual meydana çıxır: Azərbaycanın Avropa Şurası kimi beynəlxalq qurumların üzvü olaraq qalmasının arqumentləri nədir? Öz üzv dövlətinin qanuni və ədalətli tələblərinə ciddi yanaşmayan, əksinə həmin ölkənin etibarlılığı və müsbət adına daim hücumlar edən bir təşkilatın üzvü olmaqla Azərbaycan nə əldə edəcək?
Avropa Şurası Parlament Assambleyası bir neçə ay ərzində Sərsəng su anbarına dair təklifi ciddi nəzərdən keçirməklə, düzgün əməkdaşlıq və müsbət siyasi təcrübəyə həqiqətən qiymət verdiyini sübut edə bilər.
Əgər bir daha, bu üçüncü təklifə də veto qoyulsa, bizə və legitim tələblərimizə yalnız hörmətsizlik nümayiş etdirən bu təşkilata üzv kimi gələcəyimiz barədə ciddi düşünməliyik.
Nəticə etibarilə, biz təcavüzkar dövlətə qarşı effektiv sanksiyaların tətbiqi uğrunda mübarizəmizi davam etdirəcəyik. Beynəlxalq ictimaiyyət üçün aydın olmalıdır ki, Azərbaycan bu ədalətli və düzgün mövqeyindən geri çəkilməyəcək.

26.06.2013