“Tullantıların idarə edilməsində mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçilmişdir

160410_00116 aprel 2010-cu il tarixində Hyatt Regency otelində 2010-cu il – Ekologiya ili çərçivəsində “Tullantıların idarə edilməsində mövcud vəziyyət və perspektivlər” mövzusunda İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə konfrans keçirilmişdir.

Konfransı İqtisadi İnkişaf Nazirinin birinci müavini Niyazi Səfərov giriş sözü ilə açaraq bildirmişdir ki, tədbir bərk məişət tullantılarının idarə edilməsi, bu sahədə mövcud vəziyyət və görülən işlərə diqqəti cəlb etmək məqsədi ilə təşkil olunub.

Tədbirdə sonra “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin Sədri Zakir İbrahimov çıxışında görülmüş işlərə, dünya təcrübəsindən öyrəniləcək məqamlara və gələcək planlara üstünlük verdi. O bildirdi ki, Balaxanı poliqonunun ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə “Təmiz Şəhər” ASC bir sıra zəruri tədbirlərin həyata keçirilməsini davam etdirərək bildirmişdir ki, qısa müddət ərzində poliqonda bərk məişət tullantılarının yanma mənbələri tamamilə ləğv edilmiş, tüstü örtüyü aradan qaldırılmışdır.

Sonra ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev konfrans iştirakçılarına şirkətdə istehsalat prosesi zamanı formalaşan tullantılar və onların idarə edilməsi haqqında məlumat vermişdir. ARDNŞ-də əmələ gələn tullantıların idarə olunması üzrə həyata keçiriləcək tədbirlər planından danışan M.Babayev tullantıların inventarlaşdırılması, növlər üzrə çeşidlənməsi, sahəyə daşınması, müvafiq qurğularda emalı və zərərsizləşdirilməsi prosesinin nəzərdə tutulduğunu bildirmişdir. M.Babayev çıxışında tullantıların düzgün idarə olunmasında yerlərdə işçi personalın maarifləndirilməsi vacib amillərdən biri olduğunu xüsusi vurğulamışdır.

Tədbirdə tullantıların idarə edilməsinin düzgün təşkili və ətraf mühitə mənfi təsirlərin azaldılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Adil Zeynalov fikirlərini bölüşdü. O, ölkədə uzun illər ərzində bərk məişət tullantılarının idarə olunması sahəsində mövcud olan çatışmazlıqlar nəticəsində ekoloji vəziyyəti gərginləşdirən bir sıra problemlərdən danışdı.

Bundan başqa konfransda, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, “İxtisaslaşdırılmış Sanitariya Təmizlik və Kommunal Xidmətlər İdarəsi”nin rəisi Verdiyev Ramiz “Məişət tullantılarının toplanması və daşınması”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik Şöbəsinin müdiri Zülfiyyə Sadıqova “Ekoloji tərbiyənin bəzi məsələləri”, Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun İnkişafı Baş İdarəsinin sektor müdiri Arif İskəndərov “Tullantıların dağılması (neft tullantıları, radioaktiv tullantılar və s.) və yarana biləcək fövqəladə halların operativ şəkildə aradan qaldırılması yolları”, Səhiyyə Nazirliyinin Sanitariya və Epidemiologiya Şöbəsinin rəisi Leyla Tağızadə “Məişət və tibbi tullantıların insan orqanizminə mənfi təsiri və onların aradan qaldırılması haqqında”, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri İradə Yaqubova “Tullantıların idarəedilməsi sahəsində ictimai davranış”, BP Azərbaycan SƏTƏM və Texniki məsələlər üzrə vitse-prezidenti Gregory Mattson “Neft hasilatı zamanı yaranan tullantıların utilizasiyası və dünya təcrübəsinin mənimsənilməsi”, Düya Bankının infrastruktur məsələləri üzrə mütəxəssisi Hacı Hüseynov “Tullantıların idarəedilməsində Mərkəzi və Şərqi Avropa ölkələrin təcrübəsi üzrə məlumat mübadiləsi və həlli yolları”, “Akkord” Şirkətlər Qrupu mütəxəssisi Abbas Guvalov “İnşaat tullantılarının yaranması və onların perspektiv istifadəsi” və “CNİM” Azərbaycan şirkətinin baş meneceri Fuad Musayev “Tullantıların Yandırılması Zavodları: rolu və əhəmiyyəti” mövzularında məruzə etmişlər.

Sonda bu sahədə fikir mübadiləsi və müzakirələr aparılmışdır, konfrans iştirakçılarının sualları aidiyyatı qurumların nümayəndələri tərəfindən cavablandırılmışdır.

I.Yaqubovanin_chixishi

Presentation-ELS

19.04.2010