TQDK orta məktəbi medalla bitirən şagirdlərin imtahanlarda göstərdikləri nəticələri açıqlayıb

80d477f18ed9ea7781055a36c8eeb9c0Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il orta məktəbi qızıl və ya gümüş medalla bitirən şagirdlərin ali məktəblərdə göstərdikləri nəticələri açıqlayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur NağızadəAPA-ya açıqlamasında deyib ki, ötən dərs ilində qızıl və gümüş medallara layiq görülən 248 medalçıdan 232-si qəbul imtahanlarında müxtəlif nəticələr göstərək ali məktəblərə, 16-sı isə ABŞ, Türkiyə və Niderland kimi xarici ölkələrin nüfuzlu ali məktəblərinə qəbul olublar.

Medalçıların qruplar üzrə göstərdikləri nəticələrə gəlincə, onların 58-i I ixtisas qrupu, 52-si II, 56-sı III, 66-sı isə IV ixtisas qrupu üzrə keçirilən imtahanlarda müxtəlif nəticələr əldə ediblər. Məlumata görə, 232 medalçıdan 3 nəfəri (1%) qəbul imtahanlarında 700 bal, 145 nəfəri (58%) 600-699 bal, 49 nəfəri (20%) 500-599 bal, 22 nəfəri (9%) 400-499 bal, 12 nəfəri (5%) 200-399 bal, 1 nəfəri isə 140 bal toplayıb.

Qızıl və gümüş medala layiq görülən abituriyentlərin ali məktəblərə qəbul imtahanları zamanı daha bir maraqlı fakt da qeydə alınıb. Belə ki, medalçılardan 8 nəfəri ali məktəblərə qəbul imtahanlarında müəyyən bal toplasalar da, onlar Azərbaycanda heç bir ali məktəbə qəbul olmayıblar. Onların arasında ən yüksək 695 bal, ən aşağı 224 bal toplayan şəxslər var. Qəbul imtahanında 140 bal toplayan medalçı isə 23 saylı orta məktəbin məzunudur.

Medalçılar arasında Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatiya Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını seçənlər üstünlük təşkil edir. Belə ki, medal qazanan abituriyentlərdən 54-ü Azərbaycan Tibb Universitetində, 35-i Bakı Dövlət Universiteti, 30-u Azərbaycan Diplomatiya Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, 21-i isə Azərbaycan Diplomatiya Akademiyasında təhsil alacaq. Qalanları isə ölkənin digər ali məktəblərində – Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, İnformasiya Texnologiyaları Universiteti, Xəzər Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alacaqlar.

2.09.2013