“Thomson Reuters” “Azernews” qəzetinin məqalələrini dünyada yayacaq

“Thomson Reuters” “Azernews” qəzetinin məqalələrini dünyada yayacaq. Trend-in məlumatına görə, Azərbaycanın aparıcı ingilisdilli qəzeti “Azernews” öz xəbərlərinin dünyada yayılması ilə bağlı “Thomson Reuters” ilə müqavilə imzalayıb. Bu müqavilə “Azernews”a daha geniş beynəlxalq auditoriya əldə etməyə imkan verəcək.

“Azernews”un baş redaktoru Sevil Mikayılova deyib: “Azərbaycan haqqında obyektiv informasiyanın dünya oxucusuna çatdırılması “Azernews”un əsas məqsədlərindən biridir. “Thomson Reuters” ilə müqavilə ölkənin siyasi, iqtisadi və ictimai həyatı barədə həqiqəti Azərbaycan qəzetinin səhifələrindən dünya ictimaiyyətinə çatdırmağa imkan verəcək”.

Qeyd edək ki, bu, “Azernews”un ilk beynəlxalq nailiyyəti deyil. Bundan əvvəl ABŞ-ın nüfuzlu nəşriyyatı ilə “Azernews”un bu ölkədə çap versiyasının nəşri və yayılması barədə müqavilə imzalanıb. Hazırda “Azernews”un çap versiyası Kanada, Çin, Böyük Britaniya, Çexiya, Rusiya, Fransa və digər ölkələrdə yayılır.

Eyni zamanda “Azernews” “USA Today”, “Huffington Post”, “The Sunday Times”, “Le Monde” kimi KİV-ləri birləşdirən nüfuzlu “Impact Journalism Day” beynəlxalq hərəkatına qəbul edilib. Ümumdünya Qəzet Assosiasiyasının (WAN-IFRA) üzvü olaraq “Azernews” ümumdünya forum və sərgilərində fəal iştirak edir.

“Trend” öz jurnalist həmkarlarını səmimi qəlbdən təbrik edir, yeni yaradıcılıq uğurları və nailiyyətlər arzulayır.

10.10.2018