Tale Heydərov: “Azərbaycan Demokratik Respublikasının indiyədək bilinməyən yeni xəritələri tapılıb”

Taleh_Heyderov“Hazırda Azərbaycanın eramızdan əvvəlki dövrdən indiki dövrə qədər olan müxtəlif xarici xəritələrinin toplanması ilə məşğuluq. Bunları kitab kimi çap edəcəyik, dünyaya yayacağıq. İngilis və Azərbaycan dillərində olacaq, ehtiyac olsa, digər dillərə də tərcümə ediləcək”. APA-nın xəbərinə görə, bunu “New Baku Post” qəzetinə müsahibəsində Avropa Azərbaycan Cəmiyyətinin (AAC) prezidenti Tale Heydərov deyib.

T. Heydərov bildirib ki,  həmin xəritələr dünyanın tanınmış arxivlərindən əldə olunub: “ Bura rus, türk, ərəb, Britaniya, fransız, İran və Orta Asiya ölkələrinin arxivləri daxildir. Elə xəritələr var ki, ilk dəfə tapılıb. Məsələn, ermənilər həmişə iddia edirlər ki, Qarabağ eramızın ilk 5 əsrində onların uydurduğu “Böyük Ermənistan”ın ərazisində olub. Amma elə xəritələr tapmışıq ki, onların iddialarını təkzib edir”.

AAC rəhbəri qeyd edib ki, bu ərazilərin qədim Qafqaz Albaniyasının tərkibində olduğunu göstərən xəritələr var: “Azərbaycan Demokratik Respublikasının indiyədək bilinməyən yeni xəritələri tapılıb. Bunlar nəinki Qarabağın, Zəngəzurun və digər torpaqların bizim ərazilər olduğunu göstərən xəritələrdir. Orta əsrlərə aid Ağqoyunlu, Qaraqoyunlu dövrünə aid xəritələr də tapılıb”.

T. Heydərov deyib ki, Azərbaycanla bağlı arxiv materialları Rusiya ilə yanaşı Türkiyə arxivlərində də var: “Osmanlı arxivlərində çoxlu sənədlər var ki, Azərbaycan tarixçiləri onları araşdırmayıb. Biz hazırda oradan çoxlu xəritələr tapmışıq və ehtimal edirik ki, orada bizim bildiyimizdən də çox xəritələr var. Fransada da gözlədiyimizdən çox xəritələr tapmışıq. Həmçinin Britaniyada da. Çünki 1918-ci ildə britaniyalılar Azərbaycana gəlmişdi və Hindistandan, digər ölkələrdən o vaxt olan tarixi sənədləri götürmüşdülər. Səfəvilər dövrünə aid də tapıntılar var”.

T. Heydərov həmçinin Avropa Azərbaycan Cəmiyyətinin  təsisçisi olduğu “Vision of Azerbaijan” jurnalının tirajını və dövriliyini artıracağını deyib. Bundan başqa, cəmiyyət ingiltərəli bir tədqiqatçı tərəfindən Azərbaycan haqqında yazılan kitabın təqdimatına hazırlaşır: “Mayın sonunda Avropa Azərbaycan Cəmiyyətinin İstanbulda yeni ofisinin açılış mərasimi keçiriləcək. İstanbulda iqtisadi forumumuz keçiriləcək və Türkiyənin ən mühüm insanları orada iştirak edəcəklər. Məşhur “Economist” jurnalının təşkil etdiyi bu konfransda biz onların tərəfdaşıyıq.

İlin sonunda isə yenə İstanbulda Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı  proqramımız olacaq. Qarşıda tədbirlərimiz, lobbi işlərimiz çoxdur. İndiyədək Qarabağ münaqişəsinə dair çoxlu qətnamələr əldə etmişik. Xocalı aeroportu məsələsi ilə bağlı Azərbaycanı dəstəkləyən bəyanatlar səslənib, bu iş davam edəcək. Ramil Səfərovun məsələsi ilə bağlı bəyanatlar var idi, onların da sayı artacaq, ümumiyyətlə, Qarabağla bağlı bəyanatların və qətnamələrin sayı artacaq”.

T. Heydərov qəzetin siqaret əleyhinə kampaniyasını da dəstəkləyib: “Siqaret çəkmirəm. Mən hesab edirəm ki, pis vərdişlərdən uzaq durmaq lazımdır. Çünki birincisi bu sağlamlığa zərərdir, ikincisi, bunun nə isə bir mənası yoxdur, üçüncüsü isə bundan bir xeyir yoxdur”.

3.04.2013