Təhsil Nazirliyi əlil uşaqların təhsili ilə bağlı təkliflər hazırlayıb

t%c9%99hsil-nazirliyi-%c9%99lil-usaqlarin-t%c9%99hsili-il%c9%99-bagli-t%c9%99klifl%c9%99r-hazirlayibTəhsil Nazirliyi “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna əlavə və dəyişiklər edilməsi üçün təkliflər hazırlayıb.

Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin xüsusi təhsil şöbəsinin müdiri Anar Xəlilov APA-ya açıqlamasında bildirib ki, bu təkliflər yaxın müddətdə Milli Məclisə göndəriləcək. Onun sözlərinə görə, bu gün mövcud olan “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunda əlillik daha çox tibbi model olaraq qəbul edilir: “Biz onu tibbi modeldən çıxararaq sosial, hüququ baxımdan uşaqların xüsusi təhsilə baxışına uyğun tətbiq etməyə çalışırıq. Xüsusi təhsil haqqında qanunda əlil uşaqların təhsil kateqoriyaları yalnız onların diaqnozları üzərində qurulub. Amma biz bu məsələyə təhsil-pedaqoji aspektdən baxmağa çalışırıq. Bundan əlavə, uşaqların neçə yaşdan təhsilə cəlb olunmaları movcud qanunda qeyd edilməyib. Amma yeni təkliflərdə “Təhsil haqqında” qanunda qeyd olunduğu kimi, uşaqların 6 yaşdan təhsilə cəlb olunması əksini tapıb”.
Xəlilov deyib ki, xüsusi təhsil haqqında qanundan başqa, Psixoloji-tibbi-pedaqoji komissiyanın əsasnaməsinin tərkib hissəsinin dəyişdirilməsi barədə də təkliflər hazırlanıb.

23.09.2016