Təhsil İdarəsi müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı məktəb direktorlarına xəbərdarlıq edib

BSHTIBakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərinin rəhbərlərinə müraciət edib. BŞTİ-dən APA-ya verilən xəbərə görə, Bakı şəhərində yerləşən dövlət ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun tarixlərində müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi aparılacaq.

Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən son hazırlıqlar görülür, müəllimlərin qaynar xəttə etdikləri müraciətlər və İdarənin rəsmi “Facebook” səhifəsində verilən suallar cavablandırılır və bu barədə çıxan narahatlıqlar operativ olaraq aradan qaldırılır: “Çoxsaylı müraciətlərə əsasən əldə olunan məlumata görə, bəzi məktəb rəhbərliyində olan şəxslər Sınaq Qiymətləndirilməsinin nəticələrindən gələcəkdə müəllimlərə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklərini bildirirlər. Bununla əlaqədar bildiririk ki, əslində Sınaq Qiymətləndirilməsinin mahiyyəti, məqsədi müəllimləri hədə, qınaq obyektinə çevirmək yox, onların peşəkar inkişaf istiqamətlərini, karyera inkişafını müəyyənləşdirmək, nəticə yönümlü əməkhaqqı sistemini stimullaşdırmaq, təhsil verənin daim öz bilik və bacarıqlarını artırması üçün münbit şərait yaratmadır. Sınaq Qiymətləndirilməsinin nəticələrinə görə heç bir müəllim sistemdən kənarlaşdırılmayacaq. Sınaq Qiymətləndirilməsindən keçməmə anlayışı yoxdur, çünki burada hər hansı bir keçid minimumu müəyyənləşdirilməyib. Aşağı nəticə göstərmiş müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaldırılması üçün müxtəlif mexanizmlər tətbiq ediləcək.

Qeyd edək ki, neqativ halların araşdırılması və tədbirlərin görülməsi birbaşa Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir. Bildiririk ki, bu kimi mənfi hallara qarşı mövqeyimiz qəti və barışmaz olacaq”.

9.06.2014