Seçkilərlə əlaqədar “exit-poll” keçirəcək təşkilatlar barədə qərar qəbul edilməsi üçün ayrılan müddət sabah başa çatır

Secki-Ekzitpoll2013Sabah Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi və MSK-nın “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul etməsi üçün ayrılan müddət başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında, beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycana gəlib Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələri MSK-ya təqdim etməlidirlər…

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət oktyabrın 22-dək olan dövrü əhatə edir.

Eyni zamanda aktiv seçki hüququna malik Azərbaycan vətəndaşının öz təşəbbüsü ilə,  qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə almaqdan ötrü  MSK-ya müraciət edilməsi üçün ayrılan müddət sabah başa çatır.

MSK-nın Milli Məclisə seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməsi üçün ayrılan müddət də sabah başa çatacaq. “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydalarına əsasən səsvermə gününə ən azı 10 gün qalmışadək MSK “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir. Milli Məclisə seçkilərlə əlaqədar bu müddət oktyabrın 22-dək olan dövrü əhatə edir.

20.10.2015