«Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» – monitorinqin nəticələri

1MƏTBUAT ÜÇÜN MƏLUMAT
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi (MAM) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə sağlam həyat tərzinin təbliğatı istiqamətində fəaliyyətini davam etdirərək və Ümumdünya Səhiyyə Təşkilatının may ayının 31-də elan etdiyi Beynəlxalq Tütünsüz Günə həsr edilmiş «Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» aylıq kampaniyasına başlayır. Kampaniya may ayında həyata keçirilərək mayın 31-də yekunlaşacaq. Kampaniyanın məqsədi sağlam həyat tərzinin təbliği, həyat üçün təhlükəli vərdişlərə alışma səbəblərinin və onlardan azad olma yollarının araşdırılmasıdır. Kampaniya çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Kampaniyanın gedişatı KİV-də və Səhiyyə Nazirliyinin dəstəyi ilə televiziyada işıqlandırılacaq.
Kampaniyaya hazırlıq mərhələsində «ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən sorğu anketləri tərtib edilmiş və 2008-ci ilin aprelin 10-dan 20-dək müddətdə ali və orta təhsil müəssisələrini əhatə edən 800 nəfərlik sorğu keçirilmişdir. Anketə siqaret çəkmənin səbəbləri, onun siqaret çəkənə və ətrafdakılara göstərdiyi təsir və bu bəla ilə mübarizə üsullarına aid suallar daxil edilmişdi. Sorğunun məqsədi müasir gənclərin siqaret çəkməyə olan münasibəti, bu vərdişə alışmalarının səbəblərinin araşdırılması və çıxış yollarının müəyyən edilməsi olmuşdur.
Aşağıda sorğunun nəticələri 2007-ci ildə «ELS» MAM-ın könüllüləri tərəfindən keçirdiyi analoji tədqiqatın nəticələri ilə müqayisə edilərək göstərilib.
Beləliklə, rəyi soruşulanların 59,1%-i oğlanlar, 40,9%-i qızlar olmuşdur. Sorğunun nəticələri respondentlərin 34,5%-nin siqaret çəkdiklərini aşkar etmişdir (müqayisə üçün 2007 – 24,9%). Oğlanlar arasında çəkənlər 46,6% (2007-39,7%), qızlar arasında – 17,1% (2007 – 8,1%). Göründüyü kimi, siqaret çəkən qızların sayı 2007-ci ilə nisbətən 2 dəfədən çox artıb.
Siqaret çəkməyə münasibətlərini bildirdikdə respondentlərin 9,9%-i (2007 -17,4%) müsbət, 63,6%-i (2007- 57,1%) isə mənfi yanaşdıqlarını bildirmişlər. 26,5% (2007 -25,4%) respondent onlar üçün bu problemin əhəmiyyət kəsb etmədiyini bildirmişlər.
Məktəbli və tələbə – respondentlərin cavablarını müqayisə etdikdə tələbələrin daha çox hissəsinin siqaret çəkməyə müsbət yanaşmasını görmək olar (məktəblilər – 7,1 %, tələbələr – 22,2%).
Siqaret tüstüsünün sağlamlığa mənfi təsir göstərdiyini hesab edənlərin sayı 84,3%-dən (2007) 88,3%-dək (2008) artıb.
İnsanların siqaret tüstüsünün təsirinə daha çox məruz qaldıqları yerlərə gəldikdə birinci yerdə ictimai yerlər – 52,5%, sonra isə tədris müəssisələri -30,8%,ictimai nəqliyyatda sürücü tərəfindən – 29,6%, evdə, ailədə – 23,8%, iş yerində – 18,5% və s. adları çəkilib. Burada nəzərə almaq lazımdır ki, sorğu şagird və tələbələr arasında keçirilib.  Qeyd edək ki, «ictimai nəqliyyatda sürücü tərəfindən» amili ən çox qızların (39,3%) və məktəblilərin (43,0%)  cavabalrında müşahidə olunub.
Qızlar və qadınların siqaret çəkməsinə münasibət dəyişilib: 2007 – 11,1%-müsbət, 70,4% mənfi, 18,4% – fərqi yoxdur; 2008 – 7,1%- müsbət, 76,7% – mənfi, 16,2% – fərqi yoxdur. Göründüyü kimi, siqaret çəkən qızların sayının artması ilə onlara cəmiyyətdə mənfi münasibət də artır.
Lakin uşaqlar və yeniyetmələrin siqaret çəkməsinə respondentlər qızların siqaret çəkməsindən daha sərt yanaşdılar. Belə ki, uşaqlar və yeniyetmələrin siqaret çəkməsinə yalnız 4,1% respondent müsbət, 82,9% – mənfi münasibət bildirib. 13,0% respondent buna laqeyddir.
Gənclər arasında siqaret çəkmə vərdişinin yayılmasının səbəblərini göstərərkən respondentlər ilk növbədə dostların təsirini (51,6%), sonra böyük görünmək həvəsi (40,6%), özünü müasir hiss etmək həvəsi (36,9%), gərginliyi aradan qaldırmaq üçün (35,3%), asudə vaxtında məşğuliyyətin olmaması (19,0%), ailədə siqaret çəkənlərin olması (14,6%), məhşur insanlara oxşamaq həvəsi (7,9%) və digər səbəbləri qeyd etmişlər. Qeyd edək ki, «gərginliyi aradan qaldırmaq üçün» səbəbini daha çox qızlar (55,4%) və məktəblilər (62,2%) göstəriblər.
Siqaret çəkən məktəblilər siqaret çəkmələrinin səbəblərini göstərərkən ilk növbədə «gərginliyi aradan qaldırmaq üçün» – 62,2%, dostların təsirini göstərmişlər (54,1%), özünü müasir, daha bərk gedən hiss etmək həvəsi (37,8%), böyük görünmək həvəsi (27,9%), asudə vaxtında məşğuliyyətin olmaması (24,3%), ailədə siqaret çəkənlərin olması (16,2%) və s. səbəbləri qeyd ediblər.
Respondentlər tərəfindən siqaret çəkənlərin sayını azaltmaq üçün müəyyən təkliflər səslənmişdir: ictimai yerlərdə siqaret çəkmənin qadağan olunması (38,3%), siqaret çəkməyin ziyanını göstərən maarifləndirmənin aparılması, o cümlədən, əyani təbliğatın təşkili (31,0%) və tədris müəssisələrində siqaretin ziyanı barədə dərslərin keçirilməsi (25,2%), gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün şəraitin yaradılması və bu məqsədlə pulsuz və ya əlverişli sağlamlıq mərkəzlərinin sayının artırılması (28,4%), ixtisaslaşmış anonim müalicə Mərkəzlərinin yaradılması (12,1%) və s.
«Yeniyetməyə siqaret çəkməni tərgitməkdə kim köməklik edə bilər?» sualına cavab verərkən respondentlərin 40,6%-i dostları, 33,8%-i valideynləri, 14,7%-i isə ixtisaslaşmış anonim müalicə Mərkəzləri qeyd ediblər. Rəyi soruşulanların 16,5%-i hesab edirlər ki, siqaret çəkən öz iradəsini göstərərək bu ziyanlı vərdişi tərgitməlidir. Özü də bu faktoru məktəblilərin 25,6%-i göstərib.
İctimai yerlərdə siqaret çəkmənin qadağan olunmasına münasibət göstərərkən rəyi soruşulanların 68,0%-i bu addımı tam, 19,4%-i isə qismən dəstəkləmişlər. Bu addımın əleyhinə respondentlərin 11,7%-i olmuşlar. 0,3% respondent bu addımın nəticəsiz olacağını hesab edib. 0,6% respondent üçün isə fərqi yoxdur.
Hazırda siqaret çəkmə dünyanı bürümüş qlobal problemlərdən biri sayıldığından, onunla mübarizə də beynəlxalq səviyyədə aparılır. 21 may 2003-cü il tarixində Cenevrədə tütünə qarşı mübarizəyə dair dünyanın 120-dən artıq ölkəsi, o cümlədən Azərbaycanın (1 noyabr 2005-ci il) təsdiq etdiyi Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası qəbul edilmişdir.
Bu sənəddə dünyada siqaret istehsalının və istifadəsinin artımı «tütün epidemiyasının yayılması» adlandırılaraq nəinki insanların sağlamlığı, hətta iqtisadiyyat, sosial sahə və ekologiya üçün dağıdıcı nəticələrə gətirə biləcəyi vurğulanıb. Buna görə də bu məsələdə mümkün qədər geniş və sıx beynəlxalq əməkdaşlıq və bütün ölkələrin iştirakı tələb olunur.
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi belə hesab edir ki, ölkəmizdə bu epidemiyanın yayımının qarşısını almaq üçün bütün cəmiyyətin dəstəyi, dövlət və ictimai strukturların birgə fəaliyyəti vacibdir. İctimai yerlərdə siqaret çəkməyə qadağanın qoyulması məsələsinin geniş müzakirəsi vaxtı çatmışdır.
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi
30.04.2008

30.01.2009