Sərsəng su anbarının vəziyyətinə dair qətnamə təklifi AŞPA Bürosunda təsdiqlənib

Elxan_Suleymanov_28061202Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sədarət Komitəsinin “Azərbaycanın işğal altında olan ərazisindəki Sərsəng su anbarının təhlükəli vəziyyətinin yarada biləcəyi humanitar fəlakətə dair” qətnamə təklifi AŞPA-nın bu gün Dubrovnikidə keçirilən Büro iclasında təsdiqlənib. Bu barədə APA-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov məlumat verib. O bildirib ki, qətnamə təklifi məruzəçi təyin edilmək üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə göndərilib. Oktyabr ayında assambleyanın plenar iclasında məruzə əsasında qətnamə layihəsinin müzakirəyə çıxarılması gözlənilir.

Qeyd edək ki, sənəddə işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsi faktı kəskin şəkildə pislənir və Ermənistanın gücdən bu şəkildə sui-istifadə etməsi qeyri-insani davranış hesab olunur. Assambleya Ermənistan hərbi qüvvələrini su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki qeyri-qanuni nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə çağırır. Qətnamə hər hansı hərbi təxribat planlarının qarşısını almaq və cari şərtlərdə kütləvi insan itkilərinə səbəb olacaq hər hansı qəza və ya təbii fəlakətə hazır olmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə səsləyir.

6.09.2013