Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib, başsağlığı kitabı açılıb

Mehriban Əliyeva Rusiya səfirliyində matəm kitabına ürək sözlərini yazıb

Martın 28-də Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiyanın ölkəmizdəki səfirliyinə gələrək başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın xəbərinin ölkəmizdə böyük kədər hissi ilə qarşılandığını deyən Mehriban Əliyeva həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, hadisə zamanı xəsarət alanlara şəfa arzulayıb. Hərbi attaşe İqor Lobastev Azərbaycan Prezidenti İlham Əliyevə də minnətdarlığını bildirib: “Biz bu hadisə ilə əlaqədar səmimi qəlbdən ilk başsağlığı verənlərdən biri kimi Azərbaycan prezidenti İlham Əliyevə də minnətdarlığımızı bildiririk. Əminik ki, Rusiya və Azərbaycan həmişə birlikdə olmalıdırlar”.

Mehriban Əliyeva da qeyd edib ki, əsl dostlar üçün sınaq həm sevincli, həm də ağır anlarda birlikdə olmaq və bir-birini dəstəkləməkdir.

Qeyd edək ki, Rusiyanın Kemerovo şəhərində martın 25-də ticarət-əyləncə mərkəzində baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb. Martın 28-də saat 15:00-dan 18:00-a qədər, martın 29-da isə saat 10:00-dan 13:00-a və 15:00-dan 18:00-a qədər kitaba başsağlığı diləklərini qeyd etmək olar.

Yanğında 41-i uşaq olmaqla 64 nəfər ölüb, xeyli insan müxtəlif dərəcəli xəsarətlər alıb.

28.03.2018