Rusiyalı tarixçi alim: “İndiki Ermənistan ərazisi qədim Azərbaycan torpağıdır”

31_mart_moskvaRusiyanın paytaxtında “31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib. APA-nın Moskva bürosunun məlumatına görə, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təşkil etdiyi tədbir “Azərbaycanlıların soyqırımı – tarixin iki yüz ili” adı altında keçirilib. Tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, ÜAK-ın baş katibi Mikayıl Hüseynov, Rusiyada fəaliyyət göstərən azərbaycanlı alimlər və Rusiyanın tanınmış elm adamları iştirak ediblər.

ÜAK prezidiumunun üzvü, professor Tofiq Məlikli çıxışında martın 31-nin bütün dünya azərbaycanlıları tərəfindən soyqırım günü kimi qeyd olunduğunu söyləyib. Onun sözlərinə görə, 31 mart 1918-ci ildə təkcə Bakı və Şamaxıda 50 mindən çox insan qətlə yetirilib: “Bakıda 30 min nəfər erməni daşnakları tərəfindən öldürülüb. Qadınlara, uşaqlara və qocalara qarşı törədilən erməni vəhşiliyi öz qəddarlığı ilə yaddaşlarda qalıb. Azərbaycanın Zəngəzur və Qarabağ bölgələrində, o cümlədən Şərqi Anadoluda kəndlər məhv edilib. İnsanlığa qarşı vəhşi cinayət törədilib. Bütün bunlara baxmayaraq azərbaycanlılara öz tarixini öyrənməyə imkan verilməyib, tarixi faktlar saxtalaşdırılıb, hətta bu cinayəti törədənlə qəhrəman kimi qələmə verilib”.

Tanınmış tarixçi alim, qafqazşünas Rudolf İvanov çıxışında bildirib ki, minlərlə qanlı cinayətlər törətmiş erməni qulduru və terrorçusu Dronun tərcümeyi-halında onun faşist SS legionunda olduğu göstərilib: “Bu erməni terroru üçün dəlil və sübutdur. Bütün rus-türk müharibələri ermənilər tərəfindən törədilib. Soyqırımlarla, təxribatlarda ermənilərin əli olub. Ermənilərin fəaliyyəti məndə uşaqlıqdan hiddət doğururdu. Onlar 200 il ərzində yaşadıqları Rusiya imperiyasına da belə zərər yetiriblər”. R. İvanov Azərbaycanda erməni təcavüzünə qarşı ideoloji mübarizə aparmaq üçün Dövlət Komitəsi yaradılması təklifi ilə çıxış edib. Onun sözlərinə görə, “Böyük Ermənistan” ideyası tam və çirkin bir yalandır: “Ermənilər heç vaxt Roma imperiyasının tərkibində olmayıblar. Onlar hətta indiki Ermənistan ərazisində belə olmayıblar. İndiki Ermənistan ərazisi qədim Azərbaycan torpağıdır, hansı ki, ermənilər heç vaxt orada yaşamayıblr və hətta süni köçürülmələrdən sonra belə hər zaman azlıqda olublar”.

Daha sonra tədbirdə səfir Polad Bülbüloğlu, Rusiyada yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynov və başqaları çıxış ediblər.

31.03.2012