Referenduma ayrılmış efir vaxtı

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov təşviqat qruplarını referendumla bağlı ayrılmış ödənişsiz efir vaxtından səmərəli istifadə etməyə çağırıb.MSK sədri jurnalistlərə açıqlamasında bildirib ki, ödənişsiz efir vaxtı yalnız referenduma çıxarılan 29 maddəyə təklif olunan 41 əlavə və dəyişikliyin müzakirəsi üçün ayrılıb: “Təşviqat qruplarının nümayəndələri bilməlidirlər ki, orada başqa məsələlərin müzakirə olunması qəti yolverilməzdir. Qanunun tələbinə əsasən efir vaxtı yalnız həmin məqsəd üçün istifadə olunmalıdır”. M. Pənahov deyib ki, referenduma çıxarılan məsələlərlə ictimaiyyəti tanış etmək işi təşviqat qruplarının vəzifəsi deyil: “Təşviqat qrupları yalnız dəyişiklik təkliflərinə münasibətlərini bildirəcəklər. Bizim İctimai Televiziyanın rəhbərliyindən də yeganə tələbimiz ondan ibarətdir ki, 29 maddəyə təklif olunan 41 dəyişikliyin hər birinin müzakirəsinə şərait yaratsınlar. Bu maddələrin müzakirəsinə maneçilik törətməyə heç kimin ixtiyarı yoxdur”.

19.02.2009