Qriplər və digər yoluxucu xəstəliklərdən əhalinin qorunması:

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi əhalinin yoluxdurucu xəstəliklər və ilk növbədə mövsümü və “donuz” qripi kimi tanınan H1N1 virusu ilə bağlı nə dərəcədə məlumatlı olmalarının müəyyənləşdirilməsi məqsədilə araşdırmaları davam edərək oktyabr ayının 20-25 tarixlərində növbəti telefon sorğusunu keçirmişdir. Sorğu zamanı 420 Bakı sakininin (bundan sonra respondent və ya rəyi soruşulan adlandırılacaq) qripə və profilaktik tədbirlərə dair məlumatlılığı qiymətləndirilmişdir. Respondentlərin 48,1 faizi kişi, 51,9 faizini isə qadın olmuşdur. Respondentlərin yaş kateqoriyaları üzrə paylanmaları aşağıdakı kimi idi: 1,4 faiz – 18 yaşdan aşağı, 31,4 faizi 18-29 yaş, 24,0 faizi 30-39 yaş, 19,8 faizi 40-49 yaş, 17,5 faizi 50-64 yaş, 5,9 faizi isə 64 yaşdan yuxarı. Soruşulanların 2,7 faizi natamam orta, 38,2 faizi tam orta, 9,8 faizi orta ixtisas, 5,6 faizi natamam ali, 42,9 faizi ali, 0,8 faizi isə elmi dərəcəli idi.
Cari ilin iyul ayında Mərkəzin keçirdiyi sorğu zamanı qriplə bağlı məlumatlılığı qiymətləndirilərkən rəyi soruşulanların 14,1 faizi heç bir məlumata malik olmadıqlarını qeyd etmişdilər. Oktyabrda keçirilmiş sorğuda respondentlərin yalnız 6,2 faizi virus haqda xəbərsiz olduqlarını bildirmişdirlər (28,4 faiz respondent tam məlumatlı, 65,4 faizi qismən məlumatlıdır) .
Qripə tutulmamaq məqsədi ilə profilaktiki tədbirləri qeyd edən respondentlərin 92,5 faizi müxtəlif üsulları göstərmişlər. Goründüyü kimi, bu dəfə yalnız 7,5 faiz rəyi soruşulan (iyul ayının sorğusunda 19,5 faiz) xəstəlik təhlükəsi qarşısında aciz olduqlarını bildirmişlər.
Profilaktik tədbirləri qeyd edən respondentlərin 61,3 faizi gigiyena qaydalarına riayət etməyi (iyul ayında – 56,8 faiz), 58,8 faizi düzgün qidalanma və immun sisteminin möhkəmləndirilməsi (iyul ayında – 32,3 faiz), 43,2 faizi ölkəyə gələnlərə nəzarətin gücləndirilməsini (iyul ayında – 7,2 faiz), 42,1 faizi donuz qripinə yoluxma halları qeydə alınmış ölkələrə səfər etməməyi və xəstələrlə təmasda olmamağı (iyul ayında – 3,4 faiz), 8,9 faizi donuz ətini yeməməyi (iyul ayında – 48,1 faiz), 12,1 faizi peyvəndin vurulması (iyul ayında – 0 faiz), 17,2 faizi qoruyucu vasitələrdən istifadəni vacib bilmişlər (iyul ayında – 0 faiz). Qeyd etmək lazımdır ki, bu suala bir necə cavab mümkün olduğundan alınan rəqəmlər respondentlərin sayına görə yox (yəni cəm 100 faizə yox), adları çəkilmələrinin sayına görə hesablanıblar.
İmmun sisteminin möhkəmləndirilməsi qeyd edən respondentlər vitaminlərin qəbulu, meyvə-tərəvəz, soğan və sarımsaqdan istifadənin xeyirli olduğunu hesab etmişlər.
Qoruyucu vasitələri qeyd edən respondentlər ilk növbədə artıq dünyada geniş tətbiq edilən tənzif maskalarını göstərərək “Əgər hamı geyinərsə, mən də ağız-burnumu maska ilə örtərəm” demişlər. Bu cavablar iyulda keçirilən sorğu zamanı alınan cavablardan xeyli fərqlənir, çünki onda respondentləri daha çox maskalanmış vəziyyətdə gülünc görünə biləcəkləri və komfort olmayacağı narahat edirdi. Qeyd etməliyik ki, son günlərdə paytaxtımızın küçələrində artıq ağızları maskalanmışlara rast gəlmək olur. Bu əsasən məktəblilərdir.
H1N1 virusuna yoluxma təhlükəsini qiymətləndirmə zamanı iyul ayının sorğusu zamanı alınan cavabların oktyabrda verilən cavablardan fərqlənməsi və əhalinin daha ciddi yanaşması müəyyən olunmuşdur. Belə ki, yoluxma təhlükəsini yüksək dərəcədə qiymətləndirən respondentlərin sayı 18,6 faiz (iyul ayında – 11,8 faiz), orta dərəcədə 26,9 faizi (iyul ayında – 8,2 faiz), 38,9 faizi kiçik dərəcədə (iyul ayında – 51,8 faiz) olmuşdur. Rəyi soruşulanların 7,2 faizi (iyul ayında – 9,4%) heç bir təhlükənin olmadığını demişlər. Respondentlərin 8,4 faizi cavab verməyə çətinlik çəkmişlər (iyul ayında – 18,8 faiz).
Lakin adi mövsümü qriplə bağlı analoji sual verildikdə alınan cavablar xeyli fərqlənmişlər. “Adi, ənənəvi” mövsümü qripə yoluxma ehtimalını yüksək dərəcədə qiymətləndirənlər rəyi soruşulanların 45,3 faizi, orta dərəcədə – 32,5 faizi, kiçik dərəcədə – 14,2 faizi, təhlükənin olmadığını – 1,5 faizi, cavab verməkdə çətinlik çəkənlər – 6,5 faiz təşkil etmişlər.
Yoluxma mənbələrinə dair sualı cavablandıran respondentlər ilk növbədə ictimai nəqliyyatı (84,3 faiz), ictimai yerləri, məsələn, iş yerləri, təhsil ocaqları, ticarət obyektləri və s. (74,2 faiz), yoluxanlarla ünsiyyətdə olmağı (68,1 faiz), tam sağalmamış işə çıxmaq məcburiyyətində olmağı (43,3 faiz) qeyd etmişlər.
Qripə yoluxma təhlükəsini azaltmaq məqsədilə həll olunası məsələləri sadalayan respondentlər əhalinin gigiyena normalarına riayət mədəniyyətinin aşağı səviyyədə olmasını (69,3 faiz), maarifləndirici verilişlər, reklamlar və profilaktiki tədbirlərə dair qısa məzmunlu, sadə dillə yazılmış informasiya vərəqələrin kifayət dərəcədə olmaması (62,1 faiz) və digər tədbirlərin bu günədək lazımi səviyyədə həll olunmadığını qeyd etmişlər.
Beləliklə, H1N1 əhali tərəfindən artıq daha çox xaricdə yer almış bir əcnəbi virusu kimi qəbul edilməsə də, hələ ki ölkəmizə bir ciddi təhlükə kimi də qəbul edilmir. Lakin son günlər ərzində Ukraynada baş verən hadisələr müəyyən narahatçılıq doğurub.
Sorğu zamanı respondentlərin ölkəyə gələnlərin müayinəsinin təşkilinin vəziyyətindən narazılıq edərək çox sayda misallar gətirmişlər ki, hava limanı, quru sərhəd keçidlərində xüsusi tibbi nəzarəti müşahidə etməmişlər. Buna istinad edən respondentlər ümumiyyətlə bu məsələ ilə bağlı məlumatlı olmamalarını və buna görə də müvafiq nəzarətedici qurumların əhalinin sağlamlığının ölkəyə infeksiyanın “idxalından” effektiv qoruya biləcəklərinə bir qədər inamsız yanaşırlar. Belə vəziyyətdə həmin qurumların gördüyü işlər və sərhəddə təşkil olunmuş nəzarət sistemi barədə daha geniş məlumatın verilməsinə nail olmaq üçün əlavə üsullardan istifadə etmək məqsədəuyğun ola bilər. Məsələn, tibbi nəzarətin təşkili barədə televiziya kanallarında sosial reklam roliklərinin nümayişi.
Respondentlərin demək olar ki, hamısı vacib profilaktiki tədbir qismində ilk növbədə gigiyenik normaların aşılanmasına ehtiyac olduğunu qeyd etmişlər. Doğrudan da, hər bir kəsin ictimai yerlərdə savadlı davranışı onun və ətrafındakıları bir çox yoluxucu xəstəliklərdən qorunmağa imkan verər. Belə davranışın gündəlik həyat tərzi normasına çevrilməsinə nail olmaq üçün isə ardıcıl məqsədyönlü proqram həyata keçirilməlidir. Misal üçün, Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası tərəfindən 8 avqust 2008-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasında qrip pandemiyasına hazırlıq üzrə Milli Plan”ı. Yəqin ki, artıq əhalinin infeksion xəstəliklərə hazırlıq üzrə maarifləndirilməsinə dair Milli Planın hazırlanması vaxtı gəlmişdir.
Səhiyyə Nazirliyinin bu günə tətbiq etdiyi mütəxəssislərinin telekanallarda, elektron və çap KİV-də çıxışları, nazirliyin saytında qriplə bağlı məlumatın yerləşdirilməsi barədə məlumat verməsi isə kifayət etməməyi sorğu zamanı verilən cavablarla da təsdiqlənir. Qripə qarşı profilaktiki tədbirlərin təbliğinin təşkilini qiymətləndirən respondentlər 5 ballıq şkala ilə 3 bal vermişlər.
Eyni zamanda, bu gün müşahidə etdiyimiz televiziya kanallarında ayrı-ayrı verilişlər və ya mütəxəssislərin çıxışlarının bəs etmədiyi göz önündədir. İctimai yerlərdə ağızlarını tutmağı özlərinə vacib hesab etməyərək öskürüb – asqıranlar respondentlər tərəfindən bir yoluxma mənbəsi kimi xüsusilə qeyd olunmuşdur. Onlar yaylıqlardan istifadə etmə mədəniyyətinin aşılanmasına ehtiyac olduğunu göstərmişlər. Çox asan həyata keçirilən və effektiv olan gigiyena qaydalarına əməl etməyi, qoruyucu vasitələrdən istifadəni ənənəyə çevirmək, ictimai yerlərdə mədəni davranışı dəbə salmaq üçün bu sahədə daha intensiv və məqsədyönlü fəaliyyət təşkil edilməlidir.
Qoruyucu vasitələr sırasında ilk növbədə cərrahi maskalar nəzərdə tutulur. Mərkəzin apardığı araşdırmalar paytaxt apteklərində maskalarının satışının son iki həftə ərzində xeyli artmasını aşkarlamışdır. Sorğu apardığımız vaxtda 20 aptekin yarısından çoxunda (17 aptekdə) bizə maskaların qurtardığı və bəlkə sabah gətiriləcəyi barədə məlumat verildi. Əhalinin maskalardan istifadəsinin başlangıc mərhələsində apteklər lazımi miqdarı təmin edə bilmirsə, digər ölkələrdəki kimi maskalardan mütləq istifadə rejiminə keçdikdə nə olacaq?
Bundan başqa maskaların qiyməyinin artımı üzə çıxmışdır. Belə ki, əvvəllər 10 qəpiyə satılan maskalar artıq 40 qəpik və daha baha satılır. Söhbət çox dəfə yuyulması nəzərdə tutulan tənzif maskalardan getmir, bu maskalar birdəfəlik məmulatdır. Artıq bu maskaların spirtdə yuyularaq yenidən istifadə etməsinə dair məsləhətlər də səslənir. Nəzərə alsaq ki, mütəxəssislərin iki saatdan sonra maskaların artıq infeksiya mənbəsinə çevrilməsi və bu səbəbdən gün ərzində iki-üç dəfə maskanın dəyişdirilməsini məsləhət görürlər, maskaların qiymətinin əhəmiyyətli olduğunu ehtimal etmək olar. Bu zaman əhaliyə adi tənzifdən qaynatmaq və ütləməklə dezinfeksiya olunan maskaların hazırlanması barədə məlumatın verilməsi vəziyyətin tənzimlənməsinə köməklik edərdi.
Lakin qoruyucu vasitələr sırasında yalnız maskalardan danışmaq düzgün deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, 18 sentyabr 2008-ci il tarixli 130 saylı əmri ilə təsdiq edilmiş reseptsiz buraxılan dərman vasitələrinin siyahısında iki “Oksolin” və “Tetraksolin” virusəleyhinə intranazal burun məlhəmi göstərilmişdir ki, bunların hər gün burun dəliklərinə çəkilməsi yoluxma ehtimalını yoxa endirir. Rusiyada istehsal olunan bu məlhəmlərin ölkəyə gətirilməsində vaxtı ilə olan problemlərin (2006-cı ildə müvafiq qeydiyyatdan keçmədiyindən “Oksolin” məlhəmi Səhiyyə Nazirliyi tərəfindən tibdə istifadəsi qadağan edilmiş dərman preparatlarının siyahısına daxil edilmiş idi) təkrar olunmaması, ölkəyə lazımi miqdarda gətirilməsi, təbliği məsələləri bu gün aktualdır. Bu məlhəmlərin yerli istehsalının təşkili isə xaricdən gətirilən dərmanların təchizatından asılı olmamağa imkan yarada bilər. Misal üçün 40-50 qəpiyə satılan “Oksolin” məlhəmi artıq 1 manat 50 qəpiyə satışa buraxılmışdır və maskalar kimi defisitə çevrilmişdir.
Dərmanlarla bağlı daha bir məsələni qeyd etmək lazımdır. Qripəqarşı məsləhət görülən dərmanlara tələbat artmaqdadır. Buna görə də satışa buraxılan preparatların keyfiyyəti, saxtalaşdırılmaması, istifadə müddətinə riayət edilməsinə və qiymətinə dövlət orqanları tərəfindən nəzarətin gücləndirilməsi vacibdir.
Maraqlıdır ki, dünyada əhalinin qripə qarşı maarifləndirilməsində müxtəlif üsullardan istifadə edilir. Misal üçün Böyük Britaniya hökumətinin A/H1N1 virusu ilə bağlı saytında bütün aidiyyəti olan nazirliklər və qurumların operativ məlumatlarının verilməsi ilə bərabər məsləhətlər, uyğun saytların linkləri və qaynar xətlərin nömrələri göstərilə bilər. Eyni zamanda bu ölkənin Səhiyyə Nazirliyi geniş miqyaslı aksiya keçirərək əllərin yuyulmasının, burun yaylıqlarının və maskaların istifadəsinin vacibliyinə həsr edilmiş plakatlar, vərəqələr və televiziya reklamları yayılır. Donuz qripinə dair məlumat vərəqələri hər bir ailəyə poçtla göndərilmişdir.
Ölkənin səhiyyə naziri Layyam Donaldson, Ailə, Uşaqlar və Məktəb Təhsili Məsələləri üzrə Dövlət Katibi Edward Bolls və səhiyyə məsələləri üzrə Dövlət Katibi Endrü Berhem Londonda yerləşən Tissen məktəbinə gələrək orada məktəblilər və müəllimlərə qrip barədə məlumat verərək xəstəliyin ilkin simptomlarında davranış qaydalarından danışmışlar. Onlar burun dəsmallarından istifadə edərək öskürək və asqırma zamanı ağız və burunlarını dəsmalla örtməyi, yaylıq olmadıqda isə paltarlarının qolu ilə və ya əlləri ilə ağızlarını örtməyi, əllərin bundan sonra təmiz yuyulmasını məsləhət görüblər. Hətta düzgün öskürmə üsulunu hər üç yüksək vəzifəli məmur özləri nümayiş etdirmişlər. Beləliklə qədimdən “Xəbərdar edilən silahlanmış olar” kəlamını nəzərə alaraq əhalinin qripin yeni növünə qarşı lazımi məlumat verilir və bununla həm epidemiyanın, həm də gələcəkdə mümkün çaxnaşmanın (panikanın) qarşısının alınması məsələləri həll olunur.
Dünyada hər il 10 milyona qədər insan qripə yoluxur, onlardan təxminən yarım milyonu vəfat edir. Müxtəlif ştamların mövcudluğuna baxmayaraq əsas qripə yoluxma yolu eynidir – hava –damcı yolu. Deməli əhalinin infeksiyadan qorunma üsullarına öyrətdikdə getdikcə epidemioloji vəziyyətin yaxşılaşması və yoluxma ehtimalının azalmasına nail olmaq olar. Sadəcə olaraq, bütün mövcud üsullardan istifadə etməklə maarifləndirməni təşkil etmək lazımdır. Hələlik isə, noyabr ayının doqquzunda paytaxt apteklərində qiyməti artıq bəzi yerlərdə 1 manata çatan maskaların və “Oksolin” məlhəminin satışda artıq tapılmır.

İradə Yagubova,
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi

12.11.2009