“Qeyri-formal şəraitdə keçən müzakirələr daha səmərəli olur”

Təlimlərimiz davam edir

Oktyabrın 19-da “ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatıi dəstəyilə “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutunun inzibati binasında növbəti təlimləri keçirilib.  FOTOQALEREYA

“Azərbaycanda hasilat sənayesinin inkişafında standartlaşdırmanın rolu” mövzusunda keçirilən treninqdə mədən sənayesində işləyən istehsalçılar, “Azərbaycanın milli standartlaşdırma sisteminin əsasları” mövzusunda isə ali tədris müəssisələrinin “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasında təhsil alan tələbələr iştirak edib.

Təlimlər  ”ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri və layihənin rəhbəri İradə Yaqubovanın layihənin məqsədi, aktuallığı, tərəfdaşlar, layihə çərçivəsində görülən işlər və s. məsələlər barədə qısa təqdimatı ilə başlayıb. O, layihənin Azərbaycanda hasilat sənayesində texniki tənzimləmə sisteminin yaradılması və standartlaşdırma sisteminin modernləşdirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə, MSŞT prinsiplərinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının genişləndirilməsi məqsədini daşıdığını qeyd edib. “Bu sahədə boşluqlar var, onları üzə çıxarmaq və aradan qaldırmaq üçün ictimai müzakirələrə ehtiyac var. Ekspertlərimizin təqdimatından sonra sizin fikirləriniz bizim üçün maraqlı olar”, – deyən İ.Yaqubova sözü ekspert Fəridə Bəşirovaya verdi.

F.Bəşirova Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma sistemi, standartlaşdırmanın əhəmiyyəti və iqtisadi inkişafa təsiri, milli standartlaşdırma orqanının fəaliyyət istiqamətləri, hüquqi bazası, prinsipləri, Azərbaycanda standartlaşdırmanın aktual problemləri, qarşıya qoyulan əsas hədəflər və inkişafa dair prioritet istiqamətlər barədə məlumat verdi. Onun sözlərinə görə, hazırda qüvvədə olan “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının dövlət standartları məcburi və tövsiyə olunan tələbləri müəyyən edir. Məhsullara dövlət nəzarəti təhlükəsizlik və keyfiyyət tələblərinə uyğunlaşma baxımından aparılır və əksər məhsulların həmin tələblərə uyğunluğu məcburi sertifikatlaşdırılır. “Sertifikatların verilməsi məsələsində vəziyyət ürəkaçan deyil”, – deyən ekspertin fikrincə, yeni qanun layihələrinin qəbulu və təsdiqi köklü dönüş yaradacaq. Azərbaycan ISO-nun tamhüquqlu üzvüdür ki, bu da bütün beynəlxalq standartlara çıxış imkanı verir. Standartlaşma sahəsində ikitərəfli əməkdaşlıqdan söhbət açan F.Bəşirova “Türkiyə, Almaniya, Amerika və s. dövlətlərin standartlaşma təcrübəsindən yararlanmaq imkanlarımız var”, – deyə, əlavə etdi.

Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru, layihənin eksperti Namiq Tağıyev rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı danışdı. “Fəaliyyətimiz getdikcə genişlənir, birbaşa dövlət qurumları, əsasən də müəssisələrlə iş prioritet təşkil edir. Biz 2011-ci ildə bu işlə məşğul olmağa başlayanda müvafiq qanunvericiliklə dərindən tanış olduq və hələ Ulu Öndər Heydər Əliyev tərəfindən  imzalanan və birbaşa biznesə aidiyyatı olan fərmanı aşkarladıq. Bu fərman Azərbaycanda biznesin inkişafına geniş imkanlar yaradır”, – deyə, N.tağıyev əlavə etdi.  ”ELS Müstəqil Araşdırma Mərkəzinin sözügedən layihəsinə təşkilatı dəstəyə gəlincə, N.Tağıyev “İctimai təşkilatlar çoxdur, lakin ELS kağız üzərində yox, konkret praktiki iş görür və bu baxımdan da bizə tam uyğundur”. Təlim iştirakçılarının sertifikatların tərcüməsi və verilməsi, müəssisələrdə texniki komitələrin yaradılması və bu kimi aktual suallarını cavablandıran ekspert  qeyri-formal şəraitdə keçən müzakirələrin ümumi işə fayda verdiyini bildirdi.

Müzakirilərdən sonra tələbələr Standartlaşdırma İnstitutunda fəaliyyət göstərən fond və laboratoriyalarda müasir avadanlıqlarla tanış oldular.

Qeyd edək ki, növbəti təlimlər oktyabrın 23-də keçiriləcək.

« 1 of 2 »
19.10.2018