Prezident yeni obyektlərin açılışını edib

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib, Agentliyin yeni yaşayış kompleksinin təməlini qoyublar, AZƏRTAC xəbər verir.

Qeyd edək ki, bu yolun inşası Prezident İlham Əliyevin 2018-ci ilin yanvarında imzaladığı Sərəncama əsasən aparılıb. Bu ilin fevral ayında tikintisinə başlanılan yeni yolun uzunluğu 1310, eni 18,5 metrdir. Yol birinci texniki dərəcəyə uyğun inşa edilib və 4 hərəkət zolağından ibarətdir.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak etdilər. Açılışı olan Yasamal yaşayış kompleksinin ümumi sahəsi 11,6 hektardır. 2016-cı ilin dekabrında kompleksin ilk doqquzmərtəbəli yaşayış binasının və ərazidə yerləşən ümumtəhsil məktəbinin binasının təməli qoyulub. Ərazidə planlaşdırma sənədi üzrə 29 yaşayış binası inşa olunub.

Kompleksin ərazisində 161 saylı tam orta məktəbin binası da inşa edilib. 960 şagird yerlik tam orta məktəbdə 36 sinif otağı var. Onlardan 15-i ibtidai, 21-i isə yuxarı sinif şagirdləri üçündür. Siniflərin hamısı zəruri tədris avadanlığı ilə təchiz olunub. Burada, həmçinin 6 tədris laboratoriyası şagirdlərin istifadəsinə veriləcək.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində inşa edilən 240 yerlik uşaq bağçasında yaradılan şəraitlə tanış oldular. Bağçada yaradılan şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verir, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaşayış kompleksinin ümumi sahəsi 15,4 hektar olacaq növbəti mərhələsinin təməlqoyma mərasimində iştirak etdilər. Bildirildi ki, kompleksdə 40 yaşayış binasının inşası nəzərdə tutulub.

Prezident İlham Əliyev yeni yaşayış kompleksinin təməlini qoydu. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, uşaq oyun meydançaları, 3 uşaq bağçası, 1200 şagird yerlik tam orta məktəb binasının inşası da nəzərdə tutulur. Yaşayış kompleksi üzrə bütün lazımi infrastruktur yaradılacaq.

26.12.2018