Prezident Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dövlətimizin başçısı institutun binasının rəmzi açılışını bildirən lenti kəsib. Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib. Bildirib ki, ərazidə inzibati-laboratoriya binası, yeməkxana, toxum saxlanma anbarı, toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, istixanalar kompleksi, toxum satış mərkəzi yaradılıb. Burada ümumilikdə, 16 hektar sahədə tikinti, abadlıq və yaşıllaşdırma işləri görülüb. İnstitutun laboratoriyalarında ən müasir cihaz və avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və bir sıra digər analizlərin həyata keçirilməsinə imkan verir. Burada, həmçinin virussuz kartof toxumçuluğunun müasir səviyyədə təşkili üçün biotexnologiya laboratoriyası da qurulub.

Sonra Prezident aqrar inkişaf könüllüləri ilə görüşüb.

24.01.2019