Prezident Qax rayonunda bir sıra obyektlərin açılışı edib

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qax rayonuna səfərə gəliblər. Ümummilli lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etdikdən sonra dövlət başçısı rayonda bira sıra obyektlərin açılışını edib.

Prezident Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyası, uzunluğu 44,5 kilometr, hərəkət hissəsinin eni 6-7 metr olan və 13 məntəqəni əhatə etməklə burada yaşayan 4 min nəfər əhalinin rahat gediş-gəlişini təmin edəcək Qax-Qıpçaq-Ağyazı avtomobil yolu, “Ulu Aqro” MMC-nin Qax Aqroparkının və İlisu kəndində “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətin ümumi sahəsi 3,3 hektar olan “Yaşıl Park” istirahət mərkəzinin ərazisində inşa edilmiş üçmərtəbəli “Yurd Hotel” mehmanxanasının açılışında iştirak edib, sözügedən obyektlərin rəmzi açılışını bildirən lenti kəsib müvafiq tapşırıqlar verib.

29.10.2018