Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat verdilər.

Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxdı, sakinlərlə söhbət edib.

Xatırladaq ki, ilk yeraltı təkan fevralın 5-də yerli vaxtla 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5 bala qədər hiss olunub. Rayonlar arasında ən çox zərər Şamaxı rayonuna dəyib.

7.02.2019