Prezident İlham Əliyev: “Strateji layihələrdə Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır”

ilham aliyev recep tayyip erdogan“Azərbaycan və Türkiyə arasında iqtisadi sahədə çox gözəl əməkdaşlıq var”. APA-nın məlumatına görə, bunu Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib. Dövlət başçısı bildirib ki, son illər Türkiyə Azərbaycana, Azərbaycan isə Türkiyəyə milyardlarla dollar sərmayə yatırıb: “2020-ci ilə qədər Türkiyədə Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq”.

Prezident İlham Əliyev Türkiyə şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və 10 milyard dollar həcmində layihələr icra etdiklərini nəzərə çatdırıb. O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin icrası enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirəcək: “Biz burada artıq çoxtərəfli əməkdaşlığa qədəm qoyuruq. Türkiyə, Azərbaycan, Gürcüstan və Cənub Qaz Dəhlizinin digər iştirakçıları fəal, birgə fəaliyyət göstərməlidirlər. Gələn ay Bakıda Cənub Qaz Dəhlizinin Birinci Məşvərət Şurası keçiriləcək və  Şuranın iclasında layihənin icrası ilə bağlı konkret, dəqiq tövsiyələr veriləcək. Üç il əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla TANAP layihəsinə imza atdıq. TANAP layihəsi əslində Cənub Qaz Dəhlizi layihəsinin bel sütunu, təməlidir. Bizim qəbul etdiyimiz qərar bu gün dünyanın çox böyük layihəsinə çevrilib. Cənub Qaz Dəhlizi və “Şahdəniz” yatağının işlənməsi hazırda Avropanın ən böyük infrastruktur layihəsidir. Bu layihəyə 45 milyard dollar sərmayə qoyulacaq”.

İ. Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələrin vaxtlı-vaxtında icra olunacağını vurğulayıb: “Bu gün müzakirə olunan hər bir məsələ özlüyündə nəhəng bir layihədir. TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr strateji əhəmiyyətə malikdir və bu strateji layihələrdə Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Əminəm ki, bütün bu layihələr vaxtlı-vaxtında icra ediləcək”.

Prezident İlham Əliyev bu il Türkiyədə Çanaqqala zəfərinin ildönümü və TANAPlayihəsinin icrası ilə bağlı tədbirlər keçiriləcəyini söyləyib: “Bu il biz Türkiyədə tez-tez olacağıq. Təbii ki, əziz qardaşımı bir daha Azərbaycana dəvət edirəm. Bizim tez-tez görüşlərimiz keçirilir və bu görüşlər xalqlarımızı, ölkələrimizi daha da birləşdirir”.

Dövlət başçısı qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı dünya çapında önəmli bir faktordur və bu faktoru heç kim inkar edə bilməz: “Böhranlı illərdə belə Türkiyə və Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır, dünya miqyasında bizim rolumuz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu da onu deməyə əsas verir ki, gələcək illərdə də Türkiyə və Azərbaycan inkişaf edəcək və biz daha böyük tərəqqi görəcəyik”.

16.01.2015