Prezident İlham Əliyev: “Neftin qiymətinin aşağı düşməsini Azərbaycanda heç kim hiss etməyəcək”

13e92a77bdeaf593f3b9b2c1e791d24b“İndi neftin qiyməti çox aşağı düşüb. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcək. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var”. APA-nın məlumatına görə, bu barədə dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyevdeyib.

Dövlət başçısı qeyd edib ki, manatın məzənnəsi sabitdir və bu, onu deməyə əsas verir ki, dövlətin həm iqtisadi gücü, düşünülmüş siyasəti, eyni zamanda, sosial siyasəti var: “İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır”.

Prezident İlham Əliyev qeyd edib ki,  Azərbaycan doğrudan nadir inkişaf modelini ortaya qoyur və öz təcrübəsini bölüşməyə hazırdır: “Ona görə hər bir gənc haqlı olaraq fəxr edir və fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Hər bir gənc çalışmalıdır ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclü olsun, bizim təsir imkanlarımız artsın. Hər bir gənc milli köklərə, milli ənənələrə, bizim adət-ənənələrə bağlı olmalıdır. Xarici təsirdən azad olmalıdır. Biz dünyanın müsbət təcrübəsini onsuz da Azərbaycanda tətbiq edirik, nə lazımdırsa onu edirik. Mən çox istəyirəm və əminəm ki, belə də olacaq, çünki bugünkü reallıq da belədir”.

Dövlət başçısı Azərbaycanın öz yolu, müstəqillik yolu ilə getdiyini qeyd edib: “Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində olmuşuq. Azad, müstəqil olmamışıq. Nə üçün bizim xalqımız azad, müstəqil yaşaya bilməz? Biz 23 ildir ki, müstəqilik. Bu, böyük xoşbəxtlikdir. Bu, ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik, eyni zamanda, siyasi müstəqilliklə də tamamlanmalıdır və bu gün bu, Azərbaycanda var. Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik. Həmişə də belə olmalıdır. Siz də bu ruhda böyüməlisiniz, tərbiyə almalısınız ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və Azərbaycan inkişaf, azadlıq, müstəqillik yolu ilə getsin”.

16.12.2014