Prezident İlham Əliyev: “Heç bir böhran bizə təsir edə bilməz”

Ilham_eliyev164532“Azərbaycanın təbiəti elədir ki, hər yerdə gözəl, səfalı məkanlar, dağlar, meşələr, çaylar çoxdur. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvətdən səmərəli şəkildə istifadə etməliyik”. APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev  Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksində “Park Chalet Shahdag” otelinin açılışında deyib. 

Dövlət başçısı Azərbaycanda turizmin inkişaf etdiyini bildirərək bir neçə turizm mərkəzinin yaradıldığını vurğulayıb: “Onlardan biri Şahdağdır. Eyni zamanda, indi Naftalan turizm mərkəzi fəaliyyət göstərir. Qalaaltı turizm mərkəzi bu yaxınlarda açılacaqdır. Cənub bölgəsində – Lənkəran-Astara zonasında, Lerikdə gözəl turizm imkanları var. Qəbələ turizm mərkəzinə çevrilibdir, burada beşulduzlu bir neçə otel fəaliyyət göstərir. Qərb bölgəsində Gəncə və onun ətrafında yerləşən rayonlar da əlbəttə ki, turizm üçün çox gözəl yerlərdir”.

Prezident İlham Əliyev Bakının Azərbaycanın ən böyük turizm mərkəzi olduğunu qeyd edib: “Bakıda indi dünyanın bütün aparıcı otelləri fəaliyyət göstərir. Qısa müddət ərzində Bakıda beşulduzlu altı otel tikilib. Hesab edirəm ki, bu da rekord göstəricidir, 5-6 il ərzində bir şəhərdə beşulduzlu altı beynəlxalq otel inşa olunub. Bakıya gələn hər bir qonaq paytaxtımıza aşiq olur. Çünki Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Mən isə istəyirəm ki, Azərbaycanın bütün şəhərləri gözəl olsun. Bütün şəhərlərdə gözəl şərait olsun, insanlar rahat yaşasınlar. Bu gün biz bunu təmin edirik. Azərbaycan inkişaf edir. Heç bir böhran bizə təsir edə bilməz. Biz inamla inkişaf edirik və regionlarımız da inkişaf edir”.

“İki gün bundan əvvəl regionların sosial-iqtisadi inkişafına dair üçüncü proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bir daha bütün rəqəmlər səsləndi və Azərbaycanın regionlarının inkişafı bundan sonra da uğurla təmin ediləcək”, deyə dövlət başçısı qeyd edib.

30.01.2015