Prezident İlham Əliyev: “Gələn il Bakıda təmirsiz məktəb qalmayacaq”

Ilham Eliyev 070611“Azərbaycanda elmə, təhsilə göstərilən diqqət mütləq öz nəticəsini verəcək. Bizdə savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur. Bu, böyük üstünlüyümüzdür”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki 124 nömrəli orta məktəbin kollektivi və yerli ictimaiyyət nümayəndələri ilə görüşü zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, ölkəmizin uğurlu gələcəyi cəmiyyətin intellektual potensialından asılıdır: “Çünki inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, məhz o ölkələrdə ki təhsilə, elmə, texniki tərəqqiyə diqqət verilir, o ölkələr inkişaf edir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanın zəngin təbii resursları, artıq şaxələndirilmiş iqtisadiyyatı, düşünülmüş dövlət siyasəti var”.

Prezident İlham Əliyev təhsil sahəsində aparılan islahatlara da toxunub. “Bizim əsas istəyimiz odur ki, təhsilin keyfiyyəti artsın. Burada, əlbəttə ki, aparılan islahatların böyük rolu var. Bu islahatlar aparılır. Əminəm ki, yaxın gələcəkdə artıq gözəl nəticələr də olacaq. Eyni zamanda, təhsil prosesinin keyfiyyəti çox önəmlidir. Müəllimlərin hazırlığı burada xüsusi yer tutur. Əlbəttə ki, uşaqlar da yaxşı oxumalıdırlar. Uşaqlar başa düşməlidirlər ki, onların gələcəyi özlərinin əlindədir”, – deyə o vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, yaxşı bilikli insan həyatda yaxşı iş də tapa, yaxşı dolanışıq da qura bilər, həm də öz ölkəsinə, xalqına daha da böyük xidmət göstərmiş olar: “Ona görə uşaqlar da bunu dərk etməli və bilməlidirlər ki, onların gələcəyi özlərinin əlindədir. Müəllimlər isə əlbəttə ki, uşaqlara yaxşı tərbiyə verməlidirlər. Uşaqlar, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Bizim gənclərimiz müstəqillik illərində formalaşır. Müstəqilliyin üstünlüklərini hər bir insan görür. Ancaq müstəqil olan zaman Azərbaycan xalqı, dövlətimiz sürətlə inkişaf edir. Müstəqillik bizim ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir”.

Dünyada qloballaşma prosesinin getdiyini deyən Azərbaycan prezidneti bunun həm mənfi, həm də müsbət tərəflərinin olduğunu önə çəkib. “Mən çox istəyirəm ki, uşaqlarımız məhz milli ruhda böyüsünlər, Vətənə, xalqa bağlı olsunlar. Öz milli ənənələrinə sadiq və dəyərli vətəndaş olsunlar. Əlbəttə ki, buna nail olmaq üçün ailələrdə və məktəblərdə tərbiyə düzgün aparılmalıdır. Belə gözəl məktəbin özü artıq bir tərbiyə üsuludur. Çünki burada oxuyan uşaq bu gözəlliyi, təmizliyi görəcək, uşaqlıq yaşlarından buna öyrəşəcək və gələcəkdə də öz həyatında bu prinsipləri rəhbər tutacaq. Bir daha demək istəyirəm ki, son 10 il ərzində 2900 məktəbin tikintisi, təmiri tarixi hadisədir. Bu məktəblərin əksəriyyəti 1930-cu, 1940-cı, 1950-ci, 1970-ci illərdə tikilib. Onların bir çoxu artıq bərbad, qəzalı vəziyyətdə idi. Əfsuslar olsun ki, hələ də bölgələrimizdə qəzalı vəziyyətdə məktəblər var. Amma onların sayı kəskin şəkildə aşağı düşür. Dövlətin gördüyü işlər, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, o cümlədən Bakı və onun qəsəbələrinin inkişafına dair Dövlət Proqramında bütün məktəblərin təmiri, tikintisi nəzərdə tutulur. Proqrama görə 2016-cı ilə qədər Bakıda məktəblərin təmiri başa çatmalıdır. Amma hesab edirəm ki, artıq gələn il Bakıda bir dənə də olsun təmirsiz məktəb qalmayacaq”.

Şağan qəsəbəsində vaxtilə Olimpiya Kompleksinin tikildiyini deyən dövlət başçısı indi burada məktəbin inşa edildiyini qeyd edib: “İndi həm qəsəbə sakinləri, rayon sakinləri, həm xarici qonaqlar da gəlib görürlər ki, Bakının qəsəbəsində belə möhtəşəm məktəb tikilib. Həm Bakının mərkəzində, həm qəsəbələrdə, eyni zamanda, ölkəmizin digər şəhər və rayonlarında da belə məktəblər tikilir. Ona görə, heç bir fərq qoyulmur ki, böyük şəhərdə gözəl məktəb tikilməlidir, qəsəbədə, yaxud da ki, kənddə başqa cür. Yox! Hər yerdə şərait belə olmalıdır. Bundan yüksək səviyyə ola bilməz və yoxdur. İndi bəlkə də heç bir başqa ölkədə belə təşəbbüslər irəli sürülmür. Ancaq bizim bu gənc uşaqlarımız belə gözəl məktəbdə oxumalıdırlar, müəllimlər də yaxşı şəraitdə işləməlidirlər və yaxşı nəticə olmalıdır. Xəzər rayonunun da inkişafı gedir. Mehriban xanım da artıq neçə ildir ki, rayonun deputatı kimi fəal işləyir”.

16.09.2014