Prezident İlham Əliyev bayram tonqalını yandırdı

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilir. Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər. Qız qalasının qarşısındakı meydana gələn dövlət başçısı və xanımını ilk olaraq Bahar qız qarşılayıb və səməni təqdim edib. Sonra ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib. Sonra İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər. Burada onları Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıb, dövlətimizin başçısı ilə yumurta döyüşdürüblər.

Sonra Prezident və birinci xanım bayram konsertinə baxıb, Milli Parkda “Novruz” yarmarkası ilə tanış olublar.

Ümumxalq şənliyi Dənizkənarı Milli Parkda davam edir.

19.03.2018