Prezident İlham Əliyev: “Bakı təmiz göllər şəhəri olacaq”

Ilham-Eliyev-cixish“Bakı indi parklar şəhəridir. Bakı təmiz göllər şəhəri olacaq. Bu vəzifəni mən bu gün qarşıya qoyuram və hesab edirəm ki, biz tezliklə bu işlərə başlamalıyıq”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.

Dövlət başçısı Bakıda mövcud olan göllərin təmizlənməsi proqramının icrasına artıq başlandığını bildirib: “Bu göllərin siyahısı mənə verilib, siyahıda 9 göl var. Amma bu gölləri heç göl adlandırmaq da düzgün deyil. Çünki göl təbii, təmiz bir su hövzəsidir, bu göllər isə ekoloji fəlakət mənzərəsidir. İllər boyu bu göllərə kanalizasiya, çirkab suları, neftlə çirklənmiş sular, lay suları axıdılıb. Bu göllər şəhərin içində, şəhərin mərkəzində bir ekoloji fəlakətdir. Biz daha bundan sonra bu vəziyyətlə barışa bilmərik. Ona görə bu məsələ ilə bağlı artıq bütün göstərişlər verilib. Bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Bu çirkab su hövzələrini biz təmiz göllərə çevirəcəyik. Artıq başlamışıq. Bu sahədə təcrübəsi olan xarici şirkətlərlə artıq müqavilələr də bağlanıb. Biz ekoloji və texniki cəhətdən ən ağır olan layihədən başlamışıq. Bu da Böyükşor gölünün təmizlənməsidir. Böyükşor gölünün ərazisi 11 kvadrat kilometrdir. Yəni, min hektardan böyükdür. Böyükşor gölünü biz hələlik iki yerə bölürük. Bənd tikiləcək, bu bənd eyni zamanda, avtomobil yolu olacaq. Həm nəqliyyat üçün, həm bu təmizləmə işlərini mərhələlərə bölmək üçün biz bu işləri görürük. Birinci mərhələdə gölün tikilən Olimpiya Stadionuna yaxın olan hissəsi təmizlənəcək. O sahənin ərazisi 300 hektardır. Orada təmiz, şəffaf su olacaq. Gölün ətrafında gözəl bulvar tikiləcək. Bizim Dənizkənarı Bulvarımız var. İndi bundan sonra Böyükşor Bulvarımız da olacaq və gözəl yaşıllıqlar salınacaq, ağaclar, kollar əkiləcək, istirahət zonaları və təmiz bir göl olacaq”.

Prezident İ. Əliyev ikinci mərhələdə Böyükşor gölünün qalan böyük hissəsinin də təmizlənəcəyini qeyd edib: “Beləliklə, biz şəhərimizdə yeni, gözəl istirahət-sağlamlıq zonası yaradacağıq. Bir neçə ildən sonra Bakı təmiz, gözəl göllər şəhəri kimi artıq öz sözünü deyəcək. Düzdür, burada görüləsi işlər çoxdur, doqquz göldən söhbət gedir, ancaq çalışmalıyıq ki, bu işləri növbəti 5 ya 6 il ərzində yerinə yetirək. Bütün bu işlər dövlət büdcəsində nəzərə alınmalıdır. Bütün işlər ən yüksək səviyyədə aparılmalıdır”.

13.04.2014