Prezident İlham Əliyev: “Azerspace-2” peykinin orbitə çıxarılması Azərbaycanın böyük qələbəsidir

“Azerspace-2” peykinin orbitə çıxarılması Azərbaycanın böyük qələbəsidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Prezident bildirib ki, qeyri-neft sektorunun inkişafı üçün çox böyük işlər görülür, addımlar atılır. Xüsusilə son dövrdə qəbul edilmiş qərarlar çox böyük canlanmaya gətirib çıxarıb:

“Təkcə onu demək kifayətdir ki, investisiya təşviqi sisteminin tətbiqindən sonra 300-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihələrin icrası nəticəsində 20 min iş yeri yaradılıb. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra icra edilən və nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 2,7 milyard manatdır. Əgər biz bu sistemi tətbiq etməsəydik, heç kim gəlib bu vəsaiti Azərbaycana qoymazdı. Baxın, bir ciddi islahatın aparılması ilə təxminən 3 milyard manat investisiya cəlb etmişik, 20 min insan üçün isə iş yeri yaratmışıq.

Mən giriş sözümdə sənaye istehsalı ilə bağlı bəzi məsələləri qeyd etdim. Xüsusilə bu yaxınlarda orbitə çıxarılmış “Azerspace-2” peykini qeyd etmək istərdim. Bu, böyük nailiyyətdir. Bu, kosmik dövlət kimi Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. Bizim indi 3 peykimiz var. “Azerspace-2″ peykinin orbitə çıxarılması bizim böyük qələbəmizdir. Eyni zamanda, bu sahədə görüləcək işlər bizə əlavə vəsait gətirəcək”.

İlham Əliyev əlavə edib ki, peykin imkanlarının demək olar yarısı, bəlkə də yarıdan çoxu artıq satılıb: “Bundan sonra qalan təqribən 40 faiz hələ ki, bölüşdürülməyib. Peykin xidmət potensialı, o da bölüşdürüləcək. Bu, kommersiya baxımından çox əlverişli layihədir, özünü tam doğruldacaq və bizə böyük həcmdə valyuta gətirəcək. Bu, bir ixrac növüdür. Eyni zamanda, kadr hazırlığı, texnologiyaların inkişafı baxımından çox önəmli layihədir. Biz haqlı olaraq fəxr edə bilərik ki, bizim indi 3 peykimiz vardır”.

10.10.2018