Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib

Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib. Dövlətimizin başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İlham Əliyev böyük Azərbaycan şairi, mütəfəkkir, ilk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı mənimsəmiş İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna Nəsiminin adı verilmişdir. 15 noyabr 2018-ci il tarixində isə Azərbaycan prezidenti növbəti ildə İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Bundan əlavə 19 noyabr 2018-ci il tarixində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Nəsiminin büstünün təntənəli açılış mərasimi keçirilmuişdir.

11.01.2019