Polietilen paket – faydası və zərəri

Bu gün hər növ malların saxlanılması, daşınması üçün ən çox istifadə edilən və qiymətinə görə əlverişli olan polietilen paketlərdir. Eyni zamanda paketlər məlumat daşıyıcısı qismində reklam üçün geniş istifadə edilir. Lakin yaraşıqlı, parlaq və istifadə üçün rahat olan paketlər qısa müddətdən sonra zibillikləri bəzəyərək məişət tullantıların parçalanmasına bir neçə yüz il tələb olunan bir hissəsinə çevrilir.

Hər birimiz üçün adiləşən polietilen paketi və onun istifadəsinin fəsadları haqqında biz nə bilirik? Bu məsələ “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı araşdırılmışdır. Sorğu Bakı şəhərinin Binəqədi, Xətai, Səbail, Nərimanov, Nəsimi, Nizami və Yasamal rayonları ərazisində əhalinin rəy sorğusunu keçirmişdir. Sorğuda 186 nəfər iştirak etmişdir. Tədqiqat respondentlərin evlərində şəxsi müsahibə (face to face) üsulu ilə aparılan rəy sorğusu formasında keçirilmişdir. Respondentlərin seçimi yaşadıqları binalarının növünə və mərtəbəyə görə aparılmışdır (həyət evləri, 5 mərtəbəli binalar, 9 mərtəbəli binalar – zibil borusu işlək vəziyyətdə olan və bağlı olan binaların 1, 3, 5 və 9-cu mərtəbələrində).

Tədqiqatın nəticələrinə görə sorğuda iştirak edənlərin 23,9%-i kişi, 76,1%-i isə qadınlar olmuşdur. Respondentlərin 2,2%-i natamam orta, 22,8%-i tam orta, 15,2%-i orta ixtisas, 5,4%-i natamam ali, 53,3%-i ali təhsilli, 1,1%-i isə elmi dərəcəli olmuşlar. Rəyi soruşulanların 25,0%-i dövlət, 16,3%-i isə özəl sektorunda çalışanlar, 17,4%-i işsizlər, 23,9%-i evdar qadınlar, 12,0%-i təqaüdçülər, 5,4%-i isə tələbələr təşkil etmişlər. Göründüyü kimi sorğu iştirakçılarının tərkibi orta statistik göstəriciləri əks etdirir.

Bununla bərabər respondentlərin polietilen paketlər və onların istifadəsi məsələlərinə olan münasibəti öyrənilmişdir. Rəyi soruşulanlar paketlərin su və nəmişliyə davamlılığı (51,8%), gəzdirmək üçün rahatlığı, yüngüllüyü və təhlükəsizliyi (40,9%), mağazalarda pulsuz verilməsi, özünlə bazarlığa gedəndə aparmaq lazım olmaması (39,4%), ucuzluğu (35,2%), elastikliyi və möhkəmliyi (18,6%), zibil yığmaq üçün əlverişliliyi (18,3%), mədəni servis xidmətinin göstəricisi olduğu (14,9%), ərzaq və digər məhsulların ayrı-ayrı yığılması üçün konteyner qismində istifadəsi (13,2%) kimi amilləri qeyd etmişlər. Rəyi soruşulanların 2,1%-i “heç bir xeyri yoxdur” cavabını vermişlər, 12,0%-i isə bu barədə münasibətlərini dəyərləndirə bilməmişlər.

Eyni zamanda rəyi soruşulanların 87,9%-i polimer məhsulların istifadəsinin ətraf mühit və insan sağlamlığına mənfi təsirini qeyd etmişlər. 12,1%-i isə bu istifadənin fəsadlarına dair məlumatlı olmadıqlarını demişlər.

Zərəri qeyd edən respondentlərin 74,8%-i paketlərin ətraf mühiti çirkləndirdiyini və artıq məişət tullantılarının əhəmiyyətli komponentinə çevrildiyini qeyd etmişlər. 46,3%-i polimer materiallarının tərkibinə daxil olan kimyəvi birləşmələrinin sağlamlığa mənfi təsir göstərdiyini, 35,5%-i paketlərin zibillə birlikdə yandırıldılması zamanı havaya zəhərli birləşmələrin ayrılmasını və başqa (11,0%) amilləri göstərmişlər.

Sorğu zamanı polietilen paketlərin təbiətdə parçalanmasına 100 ildən çox müddətin tələb olunması barədə rəyi soruşulanların 38,2%-i məlumatlı olduqlarını, 21,7%-i təxmini bunu güman etdiklərini, 40,1%-i isə bilmədiklərini bildirmişlər. Respondentlərin polietilen paketlərinin təkrar emalının edilməməsi və ya çətinliklə başa gəlməsi barədə məlumatlı olması öyrənildikdə rəyi soruşulanların 20,3%-nin tam məlumatlı, 24,5%-nin qismən məlumatlı, 55,2%-nin isə məlumatsız olduqları müəyyən edilmişdir.

Polietilen paketləri yandırıldıqda ətraf mühitin zəhərli birləşmələrlə çirklənməsi haqda 75,2% respondent xəbərdar olduğunu, 12,3%-i bu barədə nə isə eşitdiyini bildirmiş,12,5%-i isə ümumiyyətlə məlumatlı olmadığını demişlər.

Polietilen paketlərindən imtina edərək parça və ya kağız paketlərdən istifadə etməyə razı olmaları sualına respondentlərin 41,6%-i müsbət cavab vermiş, 15,6%-i bunu müəyyən şərtlərlə etməyə hazır olduqlarını bildirmiş, 20,5% respondent razı olmamış, 14,1%-i isə bunun ümumiyyətlə mümkün olmadığını qeyd etmişlər. Rəyi soruşulanların 7,9%-i münasibətlərini bildirməkdə çətinlik çəkmişlər.

Beləliklə, polietilen paketlərdən imtina yalnız müəyyən tədbirlərin həyata keçirilməsi şərtilə mümkün ola bilər. Lakin uzun illər ərzində istifadəsinə öyrəndiyimiz paketlərdən imtina etmək heç də asan iş olmayacaq, çünki bu paketlər məişətimizdə əhəmiyyətli rol oynayırlar. Bunu həm imtina etməyə razılıq verən, həm də razılıq verməyən respondentlərin cavablarından görmək olar.

table1

Cədvəldə göstərilənlərdən belə nəticə çıxarmaq olar ki:

  1. Polietilen paketlərin istifadəsindən imtina yalnız ekoloji cəhətdən savadlı istehlakçının formalaşması əsasında həyata keçirilə bilər;
  2. Polietilen paketlərdən imtina üçün uzunmüddətli maarifləndirmə kampaniyası təşkil olunmalıdır;

3. Parça torbaların istehsalı və əlverişli şərtlərlə satılması təşkil olunmalıdır;

4. Kağız paketlərin istehsalı məqsədi ilə makulaturanın toplanılması və emalı təşkil edilməlidir;

Beləliklə, rəy sorğusu ətraf mühitlə bağlı bir çox problemlərin məhz əhalinin fəal dəstəyi olduğu halda həll edilə bilər. Buna nail olmaq üçün ictimai rəyin formalaşdırılması, icma üzvlərinin ekoloji mədəniyyətinin artırılması, cəmiyyətdə ekoloji şüurun formalaşdırılması, əhalinin düşünmə və hərəkət tərzinin dəyişməsi istiqamətində əsaslı iş aparılmalıdır. Yalnız belə olduqda bərk məişət tullantılarının idarə edilməsində əhəmiyyətli nəticələr əldə etmək olar.

İradə Yaqubova,

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi

31.05.2010