Piyada İctimai TV-də

piyada00127 oktyabr 2009-cu il tarixində  İctimai Televiziyanın efirində “İşgüzar zaman” proqramının növbəti buraxılışı canlı yayımlanmışdır. Piyada mədəniyyətinə həsr olunmuş verilişdə ekspert qismində…

27 oktyabr 2009-cu il tarixində  İctimai Televiziyanın efirində “İşgüzar zaman” proqramının növbəti buraxılışı canlı yayımlanmışdır. Piyada mədəniyyətinə həsr olunmuş verilişdə ekspert qismində Baş Dövlət Yol Polisinin şöbə rəisi Ərəstun Məcidov, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Nəqliyyat Nazirliyinin şöbə müdiri Namiq Həsənov və Azərbaycan Texniki Universitetinin dosenti Fərhad Eyyubov iştirak etmişdirlər. Veriliş  zamanı həm studiyadakı iştirakçılar, həm də telefon bağlantısı ilə əlaqə saxlayan tamaşaçılar tərəfindən Bakı şəhərində piyadaların hərəkəti üçün problemli küçələr barədə məlumat verdilər, piyadaların yol hərəkəti qaydalarına riayət etməmələrinin səbəblərini araşdırdılar. Məsələn, həm veriliş iştirakçısı olan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin mütəxəssisi Məlikova Mehriban, həm də telefon bağlantısı ilə əlaqə saxlayan xanım hal-hazırda Heydər Əliyev prospektində yerləşən “Şəfa” stadionu yaxınlığında piyadaların keçidi üçün şərait yaradılmamışdır. Halbuki prospektin təmirindən əvvəl burada həm işıqfor, həm də piyada zolağı mövcud idi. Yolun digər tərəfində 37 saylı orta məktəbin və Elçin İsaqzadə adına yaşayış sahəsinin (köhnə 205-ci qəsəbə) yerləşdiyini nəzərə alınsa, hər gün bu intensiv hərəkəti olan prospekti yüzlərlə insanın keçmək məcburiyyətində olduğu aydın olur. Hətta zəng vuran tamaşaçı xanım həmin yoldan istifadə edən əhalinin bu yolu keçməkdə çətinlikləri vurğulayaraq Namiq Həsənova özünün bir gün maşından düşüb yolu o tərəf bu tərəfə piyada keçməsini tövsiyyə etdi. Bunu eşidən Namiq müəllim həmin yolu yalnız bir dəfə keçməyə razılığını verərək, bunu maşının altına düşmək istəməməyi ilə izah etdi. Ekspertlərdən Namiq Həsənov paytaxtda dayanacaqların sayının artırılacağı barədə məlumat verdi və piyadaların mövcud keçidlərdən istifadə etməmələrini qeyd etdi. Ərəstun Məcidov piyadaların yol hərəkəti qaydalarının pozmalarına görə cərimələndirilmə mexanizminin tətbiqində olan çətinliklərdən danışdı və piyadalarla bağlı yol qəzalarının statistikasını açıqladı. Fərhad Eyyubov piyada-sürücü problemlərinin kompleks şəklində həll olunmasının vacibliyi və Nəqliyyat Nazirliyinin Universitetin mütəxəssislərinin təcrübəsindən istifadə etmədiyindən gileyləndi. İradə Yaqubova “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2006-cı ildən yol hərəkətinin təşkilinin monitorinqini apardığını açıqlayaraq bu günə olan nəticələr barədə söz açdı. O, bütün paytaxt sakinlərini Mərkəzə telefonla müraciət etmələrini və yollarda piyadaların hərəkətinə müşahidə etdikləri problem haqqında məlumat vermələrini təklif etmişdir. Alınan məlumatın cəm şəkildə işlənilərək müvafiq dövlət qurumlarına təqdim ediləcəyini söyləyən xanım Yaqubova hər bir piyadanın küçədə hərəkət edərkən ilk növbədə öz sağlamlığı və həyatını bir anlığa yaddan çıxarmayaraq yol hərəkəti qaydalarını gözləmələrinin vacib olduğunu vurğulamışdır. Ekspertlər və studiyadakı tamaşaçılar piyada mədəniyyətinin aşılanması istiqamətində uzun müddətli işin aparılmasına zərurətin olduğunu bildirmişlər.

28.10.2009