Ötən il Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb

2018-ci il ərzində Azərbaycana 2 845 697 əcnəbi və vətəndaşlığı olmayan şəxs daxil olub. Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. Onun sözlərinə görə, bu da ölkəyə gələn əcnəbilərin sayında 6 faiz artım olduğunu göstərir.

V.Hüseynov bildirib ki, hesabat dövründə 740 841 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb: “İl ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşayış üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82 953 müraciət daxil olub”.

11.01.2019