Operativ xəbərdarlıq sisteminin mövcud vəziyyəti İctimai Televiziyada müzakirə olundu

tv122 oktyabr 2009-cu il tarixində  İctimai Televiziyanın efirində “İşgüzar zaman” proqramının növbəti buraxılışı canlı yayımlanmışdır. Azərbaycan əhalisinin qaynar xətt nömrələri barədə nə dərəcə məlumatlı olmalarına həsr olunmuş verilişdə ekspert qismində Fövqəladə Hallar Nazirliyinin“112 qaynar xətt” xidmətinin rəhbəri polkovnik Fikrət Məcidov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ətraf mühitin mühafizəsi” departamentinin aparıcı məsləhətçisi Gündüz Əliyev, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova və sosioloq Əhməd Qəşəmoğlu iştirak etmişlər.

Veriliş  zamanı həm studiyadakı iştirakçılar, həm də telefon bağlantısı ilə əlaqə saxlayan tamaşaçılar tərəfindən səslənən çoxsaylı sual, irad  və təkliflərə ekspertlər cavab vermişlər.  Rəylərini açıqlayan veriliş iştirakçıları və tamaşaçılar vahid qaynar xəttin yaradılması və vahid qaynar telefon nömrəsinin açılmasını vacib hesab etmi, eyni zamanda rəsmi dövlət orqanlarının əlaqə telefon nömrələrinin üç rəqəmli olmasını zəruri hesab etmiş və əhalinin operativ halda hər hansı bir hadisə barədə xəbər verdikləri zaman onların zənglərinin anonimliyinin saxlanılması problemini qaldırmışlar. Həmçinin mövcud qaynar xətt nömrələri barədə məlumatın əhaliyə çatdırılmaması, bununla bağlı tədbirlərin nəzərdə tutlmasını və həyata keçirilməsini təklif etmişlər. Mövzunun tamaşaçılar tərəfindən aktual və zəruri olduğu bildirildi və buna görə İTV kanalı və aparıcı Mehparə Quliyevaya minnətdarlıq səsləndi. Nəticədə maraqlı, canlı müzakirələr və mübahisədərlə dolu veriliş baş tutdu.

22.10.2009