Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlar və təhsildə fərqlənən şagirdlər üçün istirahət proqramı təşkil edib

27.08.2016Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və təhsildə fərqlənən bir qrup şagird üçün avqustun 26-da Qəbələdə istirahət proqramı təşkil edib. Proqram Bakı, Şəki və Qəbələ şəhərlərindəki müxtəlif körpələr və uşaq evləri, internat məktəbləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən uşaq və yeniyetməni əhatə edib.

Bakıdan Qəbələyə yola düşən uşaqlar elə təyyarədə ilk dəqiqələrdən əyləncə dolu anlar yaşadılar. Uşaqların sevinci üzlərindən hiss olunurdu. Onlar bu gün həyatlarının ən xoşbəxt günlərindən birini yaşayırdı. Şən klounlarla birlikdə Qəbələyə gedən uşaqları qarşıda maraqlı bir istirahət gözləyirdi. Qəbələ aeroportunda balacaların sevimli qəhrəmanları əllərində rəngarəng şarlarla onları qarşıladılar. FOTOQALEREYA

Dostları ilə birlikdə yay istirahətini keçirməyin sevincini yaşayan uşaqlar Qəbələdə onlar üçün ayrılmış xüsusi avtobuslarla əyləncə məkanına yola düşdülər. “Qəbələnd” Əyləncə Mərkəzinə gələn uşaqların istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün xüsusi proqram hazırlanmışdı. Burada uşaqlar hər bir yaş qrupuna uyğun tərtib olunan müxtəlif əyləncələrdə həvəslə iştirak edirdi.

İsti yay günündə “Qəbələnd”in buz meydançasından başlanan əyləncə müxtəlif attraksionlar və oyunlarla əvəzlənirdi. Əyləncə Mərkəzinin geniş meydanında musiqi sədaları altında uşaqların nağıl qəhrəmanları və klounlarla rəqsi isə istirahət proqramını əsl bayrama çevirdi. Kimi rəqs edir, kimi selfi çəkdirir, kimi müxtəlif oyunlara qoşulur və təəssüratlarını bölüşürdülər.

“Tufandağ” Qış-Yay İstirahət Kompleksində isə uşaqları kanat xətti ilə gəzinti gözləyirdi.

Qəbələdə tərtib olunan istirahət proqramı isə uşaqların yaddaşına daha bir xoş gün kimi yazıldı. Uşaqlar bu günün təəssüratını həm də onlar üçün təşkil olunan nahar süfrəsində bir-biri ilə maraqlı söhbətlər əsnasında paylaşdılar. Proqram çərçivəsində uşaqlar nağıl qəhrəmanları, şən klounların əhatəsində oynayır, rəqs edir, viktorinalarda yarışırdılar.

Səfər zamanı gözəl istirahət günündən xatirə olaraq uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri verildi.

Daha sonra Azərbaycanın səfalı məkanlarından olan Qəbələnin gözəl mənzərələrindən birinə – Nohurgölə səfər edildi. Heydər Əliyev Fondunun təşkil etdiyi istirahət proqramı uşaqlar və yeniyetmələrin səmərəli dincəlmələri, dostları ilə bir arada əylənmələri ilə yanaşı, həm də Azərbaycanın daha bir bölgəsini yaxından görmək və tanımaq fürsəti yaratdı. Uşaqlar daha bir mənalı istirahət gününü təbiətin gözəlliyini seyr edərək başa vurdular.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların təlim və tərbiyəsi istiqamətində, eləcə də ölkəmizdə təhsil və sosial sahələrdə çoxsaylı tədbirlər reallaşdırıb. Fond “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ölkəmizdə 30-dan çox uşaq evi və internat məktəbinin yenidən qurulmasını və əsaslı təmirini həyata keçirib. Ən əsası isə Heydər Əliyev Fondu valideyn qayğısından məhrum olan körpələri və uşaqları əsl ailə qayğısı ilə əhatə edib.

27.08.2016