Nazir müavini: “Azərbaycanda peşə təhsilinə maraq artır”

Nazir_muavini“Nazirliyin “Qaynar xətt”i yalnız Müəllimlər günü münasibətilə yaradılmayıb. Təhsil Nazirliyinin “Qaynar xətt”i hər zaman fəaliyyət göstərir və bura daxil olan müraciətlərin sayı kifayət qədər çoxdur”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. O bildirib ki, hər bir müraciət müvafiq şöbə tərəfindən araşdırılır və müvafiq tədbirlər görülür.

C. Bayramov peşə təhsili ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, peşə təhsili Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında prioritet sahələrdən biri kimi səciyyələndirilir: “Hiss edirik ki, bu sahəyə maraq artır. Burada əsas layihələrdən biri ötən ildən başlanan “Müasir Azərbaycan Peşəkarı” layihəsidir. Layihə çərçivəsində bir sıra işlər görülüb. Bütün bu layihələr beynəlxalq şirkətlərin, yerli böyük şirkətlərin iştirakı ilə birgə həyata keçirilir, burada tədris olunan proqramlar real tələblərə uyğun formalaşdırılır. Bu layihələr çərçivəsində peşəkarlıq səviyyəsinin, habelə peşə təhsilinin ictimai nüfuzunun artırılmasına nail ola biləcəyik. Belə layihələrin sayı getdikcə artır və bu yaxınlarda yeni bir tədris müəssisəsinin açılışı gözlənilir”.

9.10.2014