Mütəxəssislər üçün təlimlər davam edir

Oktyabrın 19-da “ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatıi dəstəyilə “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində növbəti təlimləri keçirilib. 

Mədən sənayesində işləyən istehsalçıların iştirakı ilə “Azərbaycanda hasilat sənayesinin inkişafında standartlaşdırmanın rolu” mövzusunda keçirilən treninqi ənənəvi olaraq ELS Müstəqil Araşdırmalar Mərkəzinin sədri və sözügedən layihənin rəhbəri İradə Yaqubova açıb. Qonaqları salamladıqdan sonra o, təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında qısa məlumat verib və layihənin mahiyyətini açıqlayıb.

Müzakirəyə çıxarılan mövzunun təqdimatını keçirən layihənin eksperti Fəridə Bəşirova Azərbaycanda standartlaşdırmanın aktual problemləri, qarşıya qoyulan əsas hədəflər və inkişafa dair prioritet istiqamətlər barədə danışdı. Son illər bu sahədə görülən işləri sadalayan ekspert qarşıya çıxan problem, qanunvericilikdə olan boşluqların olduğunu da qeyd etdi. Bildirdi ki, hazırda qüvvədə olan “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa bəzi dəyişikliklərdən sonra standartlaşdırma məsələsində köklü dönüş yaradacaq.

Müzakirələrə qatılan Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru, layihənin eksperti Namiq Tağıyev istehsalçıların suallarını cavablandırdı, səslənən təkliflərin də nəzərə alınacağını vurğuladı.

Qeyd edək ki, Azərbaycan Standartlaşdırma İnstitutunun inzibati binasında təşkil olunan treninqlər oktuabrın 23-də başa çatacaqdır.

19.10.2018