“Müasir enerjiqoruyucu texnologiyaların ölkəmizdə tətbiqinin monitorinqi” mövzusunda Dəyirmi Masa keçiriləcək

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2009-cu ilin oktyabr ayının 15 tarixində saat 12:00-13:00-da “Caspian Plaza” otelinin konfrans zalında “Müasir enerjiqoruyucu texnologiyaların ölkəmizdə tətbiqinin monitorinqi” mövzusunda Dəyirmi Masa keçirəcək.

Tədbirdə Prezidentin Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Dövlət Gömrük Komitəsi, Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, “Azərenerji” ASC, İcra Hakimiyyəti və digər rəsmi strukturlar, yerli QHT, beynəlxalq təşkilatların, o cümlədən KİV təmsilçilərinin iştirakı nəzərdə tutulub.

Tədbirin keçirilməsində məqsəd ölkə prezidentinin 2003-cü il 18 fevral tarixli 1152 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram”a uyğun elektrik enerjisinin əhəmiyyətli dərəcədə qənaətinə və bundan irəli gələn ölkə iqtisadiyyatının inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunmasına xidmət edən tədbirlərin tətbiqinin mövcud vəziyyətidir.

Masada Mərkəzin bu məsələ ilə bağlı keçirdiyi monitorinqin nəticələri və problemin həlli istiqamətində təkliflər paketi müzakirə üçün təqdim ediləcəkdir.

12.10.2009