MSK seçiciləri diqqətli olmağa çağırdı

MƏZAHİR PƏNAHOV: “MÜSTƏQİL ÖLKƏNİN VƏTƏNDAŞLARI SEÇKİ VƏ REFERENDUMLA BAĞLI ÖZ MƏSULİYYƏTİNİ BAŞA DÜŞMƏLİ, KİMƏ VƏ NƏYƏ İMZA VERDİKLƏRİNİ BİLMƏLİDİRLƏR”

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Yeni Azərbaycan” Təşəbbüs qrupu Təşviqat qrupu kimi qeydə alınıb. MSK katibi Natiq Məmmədov bildirib ki, Təşəbbüs qrupu quruma 46 min 950 seçici imzası təqdim edib ki, bunlardan da 43 min 881-i etibarlı sayılıb. 3 min 69 imza isə etibarsız hesab olunub. Bunlar, əsasən, bir nəfərin bir neçə şəxsin yerinə imza atması, məlumatların düzgün qeyd olunmaması ilə bağlı səhvlər olub. İclasda iştirak edən “Yeni Azərbaycan” Təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov bildirib ki, MSK imzaları düzgün yoxlayıb və obyektiv qərar qəbul edib: “Biz imzaların toplanmasında səhvlərin olmamasına çalışırıq. Amma sözsüz ki, insan olan yerdə səhvlər də olur”.İclasda bəzi normativ xarakterli aktlar, seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydaları təsdiq edilib. Bundan başqa, bir sıra Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik edilib.

MSK üzvü Akif Qurbanov qurumun iclasında müxalifət partiyalarının yaratdıqları təşəbbüs qrupları üçün bölgələrdə imza toplayan şəxslərə təzyiq göstərilməsi ilə bağlı məsələ qaldırıb. O bildirib ki, ona Sabirabad, Salyan, Bərdə, Ağsu, Şirvan, Qazax və Ağstafadan konkret müraciətlər daxil olub. A.Qurbanov MSK-nın bu məsələni diqqətdə saxlamasını istəyərək imza toplayan şəxslərə qarşı təzyiqlərin qarşısının alınması üçün tədbir görülməsini vacib sayıb.

Sədr Məzahir Pənahov isə təklif edib ki, A.Qurbanov həmin müraciətlərlə bağlı adı çəkilən rayonlara ezam olunsun: “Burada danışmaqla problemi həll etmək mümkün deyil. Komissiya üzvü gedib məsələləri yerində araşdırsın və rəsmi şəkildə bu məsələləri müzakirə edək”. A.Qurbanov MSK sədrinin təklifinə etiraz etmədiyini söyləyib: “Amma yerli qurumlardan hansı rəsmi sənəd gətirmək mümkündür? Polis baş verən hadisələri xuliqanlıq kimi rəsmiləşdirib. Sadəcə, mən istəyirəm ki, MSK-nın sədri imza toplayanlara qarşı heç bir maneçilik yaradılmaması xahişi ilə rəsmən yerli icra orqanlarına müraciət etsin”.

İclasda çıxış edən M.Pənahov seçicilərə müraciət ünvanlayıb. M.Pənahov müraciətində seçiciləri Azərbaycanda keçiriləcək referendumla bağlı Təşəbbüs qruplarına imza verərkən diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, müstəqil ölkənin vətəndaşları seçki və referendumla bağlı öz məsuliyyətini başa düşməli, kimə və nəyə imza verdiklərini bilməlidirlər: “İmza vərəqələrinin yuxarı hissəsində yazılıb ki, imzalar nə üçün toplanır. Əgər o vərəqlərin yuxarısında aydınlıq yoxdursa, seçicilər MSK-ya müraciət etsinlər. Mən üzümü Azərbaycan seçicilərinə tutub deyirəm ki, bu məsələdə maksimum diqqətli olsunlar”.

M.Pənahovun sözlərinə görə, bəzi Təşəbbüs qrupları Zaqatala-Balakən zonasında vətəndaşlardan 1990-cı illərdə əmanət kassalarında qalan əmanətlərin geri qaytarılması, Şəki zonasında qaz-işıq şəraitinin yaxşılaşdırılması, Samuxda isə guya əhalinin siyahıya alınması adı altında imzalar toplayıblar: “Bütün bölgələrdən bizə bu xarakterli narazılıqlar daxil olur. İmza toplayanların bu hərəkətini pisləyirik. Azərbaycanın həyatında baş verən mütərəqqi dəyişiklikdə məsuliyyətlə iştirak etmək istəyən vətəndaş və qurumlar bütün fəaliyyətini qanunun tələblərinə uyğun qurmalıdır”.

M.Pənahov əlavə edib ki, seçicilər Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumda qeydiyyatdançıxma vəsiqəsi ilə iştirak edə biləcəklər. O bildirib ki, ilkin olaraq MSK 100 min qeydiyyatdançıxma vəsiqəsi hazırlayacaq və aşağı seçki komissiyalarına göndərəcək. Sonrakı mərhələdə ehtiyac yaranacağı halda əlavə vəsiqələr çap olunacaq.

M.Pənahov onu da qeyd edib ki, bu günə qədər MSK-ya 13 təşəbbüs qrupu müraciət edib və onların hamısına imza vərəqələri verilib. Dairə seçki komissiyalarına isə 116 təşəbbüs qrupu müraciət edib və onların 17-si təşviqat qrupu kimi qeydə alınıb. MSK sədrinin fikrincə, təşəbbüs qruplarının sayının bu qədər çox olması əhalinin referenduma olan marağının göstəricisidir.

28.01.2009