MSK məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb

msk_bina_mainBu gündən etibarən Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyalarının maarifləndirilməsinə yönəlmiş genişmiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, MSK-nın Treninq qrupu tərəfindən hazırlanmış proqrama əsasən treninqlər kiçik qruplar şəklində – hər treninq sessiyasında 35-40 nəfərədək məntəqə seçki komissiyası üzvünün iştirakı ilə mövcud seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında keçirilir…

Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlərdə məntəqə seçki komissiyalarının üzvləri səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, seçki günü prosedurları barədə ətraflı məlumatlandırılır, praktiki məşğələlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır. Treninqlər zamanı hər bir aşağı seçki komissiyası üzvünə MSK tərəfindən hazırlanmış “Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunur. Treninqlərin seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir neçə həftə davam etməsi və ümumilikdə 32 mindən artıq məntəqə seçki komissiyası üzvünün iştirakı ilə gerçəkləşdirilməsi nəzərdə tutulur.

12.10.2015